“Azərbaycan qadını tarixin bütün dövrlərində Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradıldı. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov vurğulayıb ki, ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur: “Azərbaycan 1995-ci ildən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın üzvüdür və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək, bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib. Azərbaycan Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır”.
Millət vəkili qeyd edib ki, son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qadın siyasətinin təkmilləşdirilməsi, qadın hüquqlarının qorunması, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir: “Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Bu mühüm məqamı xüsusi qeyd edə bilərik ki, qadınlar Milli Məclisdə uğurla təmsil olunurlar. Belə ki, V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, Fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına stimuldur”.
Malik Həsənov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir: “Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Onun timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Mehriban xanım Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun Azərbaycanın hərtərəfli inkişafına verdiyi töhfələr ölçüyəgəlməzdir”.
Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində də bu məqamları xüsusi vurğuladı ki, qadınlar hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar. Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.
Millət vəkili bayramlarımızı artıq tamamilə fərqli ovqatda, Zəfər ruhunda qeyd etdiyimizi vurğulayıb: “Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası yeni dövrə qədəm qoyan Azərbaycanımızın qarşısında geniş imkanlar, üfüqlər açır. Zəfərlərimiz gənclərimizin Vətən, torpaq sevgisinin təqdimatı oldu. Onlar qanları, canları ilə tarix yazdılar. Gənc nəslin milli, vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə olunmasında ailənin rolu böyükdür. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Uşaqları milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Ölkə Prezidenti Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikində bu əminliyi də ifadə etdi ki, qadınlarımız gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.