Azərbaycan-Qazaxıstan münasibətləri yeni inkişaf mərhələsində

Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində ölkənin hərtərəfli inkişafı üçün müxtəlif istiqamətlərdə; iqtisadi, hərbi, siyasi, beynəlxalq əməkadaşlıq və digər istiqamətlərdə – əsası qoyulan layihələr, müəyyənləşdirilən yol xəritələri, formalaşdırılan dövlət siyasəti bu gün artıq öz bəhrələrini verir. Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrinin dairəsi günü-gündən genişlənir. 

Heç şübhəsiz ki, beynəlxalq münasibətlərdə əldə olunan uğurlu nəticələrdən biri də ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri olan Türk dövlətləri ilə güclü əlaqələrin formalaşdırılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin Türk dövlətlərinə, həmin ölkələrin dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri artıq müntəzəm xarakter alıb. Qeyd olunan faktor ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verir.

Bu çərçivədə ərazisinin böyüklüyünə görə Mərkəzi Asiyada ən böyük, dünyada doqquzuncu yerdə olan, çox böyük enerji resurslarına malik, dünya ticarət yollarının üzərində yerləşən və geniş iqtisadi, siyasi və hərbi gücə və potensiala malik olan Qazaxıstan Respublikası ilə formalaşdırılan strateji müttəfiqlik əlaqələri İlham Əliyev diplomatiyasının növbəti uğurudur.

Azərbaycan ilə Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan azərbaycan və qazax xalqlarını dil və din eyniliyi də birləşdirir.

Martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında iqtisadiyyat, energetika, mədəniyyət, təhsil, media və digər sahələrdə hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq, strateji tərəfdaşlıq haqqında memorandum, saziş və protokollar imzalanmış və tədbirlər planı təsdiq olunmuşdur.
Belə ki, iki ölkə arasında imzalanan “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”, “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum” və digər sənədlər hər iki ölkə başçısının da vurğuladığı kimi qardaş ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bir göstəricisidir.

Qazaxıstanın Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu qeyd edən Cənab Prezident İlham Əliyev, iki ölkə arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, ölkələr arasındakı münasibətlərin dinamikasının əyani sübutu olduğunu bildirdi. Qazaxıstanın azad edilmiş ərazilərin bərpasına olan dəstəyini də xüsusi vurğulayan ölkə başçısı, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeleviçə minnətdarlığını bildirərək, bunun Qazaxıstanın azad edilmiş ərazilərin bərpasına olan dəstəyinin bir göstəricisi olduğunu vurğuladı.

Öz çıxışında TransXəzər nəqliyyat dəhlizinin əhəmiyyəti barədə də danışan ölkə başçısı bildirdi: “Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq.”.
Bu gün Azərbaycan və Qazaxıstan Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT, AQEM, SPECA, MDB kimi bir çox beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərirlər.

Qazaxıstanla Azərbaycanın Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətinə diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi: “Biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.”

Cənab Prezident İlham Əliyevin rəhbərliyində gün keçdikcə iqtisadi, siyasi, hərbi qüdrətini artıran Azərbaycan, paralel olaraq digər ölkələrlə olan münasibətlərin dairəsini də genişləndirərək, yaxın və uzaq gələcəyə indidən yatırım edir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov