Azərbaycan Serbiya münasibətlərində yeni mərhələ

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında olan münasibətlərin dərinləşməsi, əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər iqtisadi əməkdaşlığın, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək.Səfər zamanı keçirilən görüşdə dövlət başçısı Azərbaycan Serbiya münasibətlərinə toxundu. Bildirdi ki, bu münasibətlər qarşılıqlı anlaşma və dostluq münasibətləri fonunda daha da inkişaf edir.

Dövlət başçısı onu da bildirib ki, Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir: “Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər.

Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik.

Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”.

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı ümumilikdə bir sıra amillərlə bağlıdır. Bu iqtisadi rəqəmlərdə də özünü daha qabarıq büruzə verir. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum” və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi” əhatə dairəsinə görə geniş sahəni əhatə edir. Bura ticari, energetika, loqistika və sosial sahədə əməkdaşlıq daxıldir ki, bütün bunlar münasibətlərin dinamik inkişafını özündə ehtiva edir. 

Serbiya prezidenti Aleksandar Vuçiç mətbuata verdiyi bəyanatda Azərbaycanla münasibətlərin fonunda əməkdaşlığın dərinləşməsinə toxunub: “Bu gün qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Məhz buna görə biz Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində çalışırıq ki, Bakıdakı dostlarımızın ixrac etdiyi əhəmiyyətli qaz həcmlərini təchiz edə bilək. Biz elektrik enerjisinin verilişini müzakirə etdik. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var.

Biz Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulmasını müzakirə edəcəyik. Çünki burada elektrik xətti suyun altından çəkiləcək. Xətt Qara dənizin altından keçir ki, bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə müvəffəqiyyətlə qoşula bilsin, nəticədə biz gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini ala bilək və ölkəmizin elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini təmin edək. Bu, həmçinin ölkəmizdə sənaye istehsalının genişlənməsi və vətəndaşlarımızın artan ehtiyacları ilə bağlıdır. Bizə bu enerji təhlükəsizliyi lazım olacaq və biz Azərbaycandan olan dostlarımıza, xüsusilə Prezident Əliyevə buna görə minnətdarıq”.

Həyata keçirilən səfər Azərbaycan Serbiya əməkdaşlığı kontekstdə strateji əhəmiyyət kəsb etməklə yanaşı, iki ölkənin beynəlxalq tribunalarda vahid mövqedən çıxış etməsinə, enerji təhlükəsizliyi və digər əməkdalıq imkanlarının genişlənməsinə zəmin yaradır. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı