2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Zəfərimizin rəmzi olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrün ən mühüm siyasi və geostrateji sənədlərindən biri kimi tarixə düşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmiş, strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə çatdırmışdır.
Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında imzalanmış siyasi sənəd deyil, eyni zamanda ortaq tarixə, ortaq milli-mənəvi dəyərlərə, qardaşlıq ənənələrinə və gələcək inkişaf hədəflərinə əsaslanan mühüm yol xəritəsidir. Sənədin məhz Şuşada imzalanması xüsusi siyasi və mənəvi məna daşıyır. Çünki Şuşa Azərbaycanın milli ruhunu, dövlətçilik tarixini və 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəni təcəssüm etdirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış Bəyannamə tarixə əsaslanır. Sənəddə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji əsaslarını bir daha nümayiş etdirir. Bu fikirlər sadəcə tarixi ifadələr deyil, iki xalqın ortaq taleyinin və strateji birliyinin siyasi manifestidir.
Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun bütün sahələri əhatə etməsidir. Sənəd siyasi münasibətlərdən başlayaraq iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, təhsil, mədəniyyət, humanitar əməkdaşlıq, informasiya siyasəti və diaspor fəaliyyətinə qədər geniş istiqamətləri özündə birləşdirir. Bu isə Azərbaycan-Türkiyə əlaqələrinin sistemli və uzunmüddətli inkişafına xidmət edir.
Bəyannamə regional və qlobal səviyyədə mühüm strateji mesaj da verir. Bu sənəd bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər müvəqqəti siyasi maraqlara deyil, sarsılmaz qardaşlıq və qarşılıqlı etimada əsaslanır. Xüsusilə Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu nümayiş etdirmişdi. Şuşa Bəyannaməsi isə həmin həmrəyliyi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirdi.
Sənəd eyni zamanda regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edir. Bəyannamədə qeyd olunan müddəalar göstərir ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazda uzunmüddətli əməkdaşlıq və inteqrasiya modelinin formalaşmasında aparıcı rol oynayırlar. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun inkişafına müsbət təsir göstərir.
Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Bu sənəd gələcək nəsillər üçün strateji yol xəritəsi olmaqla yanaşı, Türk dünyasının birliyinə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa mühüm töhfə verən tarixi sənəd kimi öz əhəmiyyətini qorumaqdadır.
Bu gün Şuşa Bəyannaməsinin imzalanmasının ildönümləri münasibətilə keçirilən konfranslar, beynəlxalq tədbirlər və elmi müzakirələr sənədin aktuallığını bir daha təsdiqləyir. Şuşada keçirilən beynəlxalq forumlar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin regional və qlobal əhəmiyyətini nümayiş etdirir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin ən yüksək siyasi ifadəsi olmaqla, XXI əsrdə Türk dünyasının birliyi və həmrəyliyi yolunda atılmış ən mühüm addımlardan biri kimi tarixdə qalacaqdır.
Milli Məclisin deputatı
Şahin Seyidzadə