Dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Azərbaycanın Dövlət Suverenliyi Günü isə bu anlayışın ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində əhəmiyyətli siyasi dönüş nöqtələrindən birini təşkil edir.
Azərbaycan 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra öz müstəqilliyini bərpa etmək üçün mühüm addımlar atdı. Bununla yanaşı, Azərbaycan xalqının suverenlik arzusu və müstəqilliyə olan iradəsi, 1918-ci ildə qurulmuş və cəmi iki il davam edən Azərbaycan Xalq Cümhuriyyətindən irəli gələn ənənələrə söykənirdi. Cümhuriyyətin süqutundan sonra 70 ilə yaxın Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqı öz müstəqillik arzularını daim ürəyində yaşatmışdı.
1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan rəsmən müstəqil dövlət statusunu bərpa etdi.
Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.
Bildiyimiz kimi, Zəfər yolu 2020-ci illə yekunlaşmayıb və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək istiqamətində qətiyyətli addımlarını davam etdirib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edilib.
Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynadı. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım oldu.
Azərbaycanın müasir tarixində Zəfər, Suverenlik və Böyük Qayıdış bir-birini tamamlayan böyük tarixi mərhələlərdir. Bu tarixi yolun təməlində xalqımızın milli iradəsi, dövlətimizin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır.
Suveren Azərbaycan anlayışı xalqımızın milli iradəsini, dövlətçilik qürurunu və tarixi Zəfərini özündə birləşdirən böyük məna daşıyır. Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan Bayrağının dalğalanması xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsidir.
*Elnarə Həziyeva* Sabahinfo.az sayitinin baş redakdor muavini