Azərbaycan və İtaliya strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməkdə maraqlıdır ŞƏRH

Milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan dünyada ləyaqətli dövlət imici qazanıb. Respublikamız yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə Azərbaycanın və onun Liderinin nüfuzunun getdikcə artmasını şərtləndirir. Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük yeddilik”də təmsil olunan İtaliyanın Azərbaycanla əlaqələrin əhatə dairəsinin genişləndirilməsinə xüsusi maraq göstərməsi buna əyani nümunələrdən biridir. İki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi respublikamızın inkişaf modelinin, iqtisadi imkanlarının, milli maraqlara və beynəlxalq hüquqa əsaslanan siyasi mövqeyinin, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin bütün dünyada, o cümlədən də İtaliyada yüksək dəyərləndirildiyini bir daha əyani şəkildə təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat vurğulayıb ki, Azərbaycanla İtaliya arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq iki ölkə arasındakı çoxvektorlu münasibətlərin təməlində dayan əsas amil qismində çıxış edir. Əlaqələrin dinamikasına hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin müntəzəm hal alan səfərləri öz müsbət təsirini göstərir. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün mühüm başlanğıc olub. Ulu Öndərin əsasını qoyduğu ənənə 2004-cü ildən bəri Prezident İlham Əliyevin səyləri sayəsində uğurla davam etdirilib. Dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Bundan sonra Prezident İlham Əliyev 2022-ci və 2024-cü illərdə dost ölkədə səfərlərdə olub. Bu səfərlər çərçivəsində Romada Azərbaycanın səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib və digər mühüm sənədlər imzalanıb. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Onun bu günlərdə respublikamıza baş tutan səfəri sayca ikincidir.

S.Vəliyev bildirib ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Xüsusilə də iki ölkə arasında enerji əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir və bu sahədə əməkdaşlığın genişlənməsi bütün Avropa üçün böyük önəm daşıyır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin tanınmış şirkətləri Azərbaycanın moderatorluğu ilə həyata keçirilən enerji layihələrinin fəal iştirakçılarıdırlar. Məsələn, İtaliyanın ENI qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunub. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. “Saipem”, “ValvItalia”, “Renco”, “Bonatti”, “Enereco”, “Max Streicher”, “Honeywell SRL” və s. şirkətlərə isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik təchizat və xidmət layihələri həvalə edilib. Eyni zamanda, SOCAR və onun törəmə şirkətləri ilə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra irihəcmli müqavilələr imzalanıb.

Deputat bildirib ki, hazırda Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır. Belə ki, bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi yanacaq ixrac etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Azərbaycan ötən il Avropaya qaz tədarükünü 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatdırıb. Ölkəmizin mavi yanacaq ixracının coğrafiyası getdikcə genişlənir. Artıq bu siyahıda 14 ölkə yer alır. Respublikamız növbəti mərhələdə qaz ixracını 20 milyard kubmetrədək artırmağı həədəfləyib və bu, tam realdır.

Samir Vəliyev diqqətə çatdırıb ki, İtaliya Prezidentinin respublikamıza budəfəki səfəri də geniş gündəliyə malikdir və uğurla keçir. Səfər çərçivəsində prezidentlər mühüm müzakirələr aparıblar və mətbuata bəyanatlar veriblər. Hər iki dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirlməsində maraqlı olduqlarına bir daha xüsusi diqqət çəkiblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev iki ölkə arasında genişlənən humanitar əlaqələrin önəmini xüsusi vurğulayıb. Dövlətimizin başçısının bildirdiyi kimi, artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.