Azərbaycana qarşı uzanan xain əllər 

Dünyada kolonializmin və etnik təmizləmənin əsasını qoyan dövlətlər bu gün Azərbaycana qarşı haqsız hücumlar edirlər. İddia edirlər ki, guya Azərbaycan öz ərazisində - Qarabağda etnik ermənilərə qarşı təmizləmə siyasəti tətbiq edib. Azərbaycan son 100 ildə beynəlxalq hüququn pozulmasından, etnik diskriminasiyadan ciddi əziyyət çəkən ölkədir. Ermənistan ərazisində olan bütün azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular. Tarixi ərazilərimiz Ermənistana birləşdirildi. Bu azmış kimi ötən əsrin 90-cı illərində ermənilər Qarabağda separatizmə yol verərək sakinlərimizi Qarabağdan didərgin saldılar, soyqırıma məruz qoydular, onların əmlaklarını taladılar, böyük bir ərazi sözün əsl mənasında yağmalandı, viran günə qoyuldu. Cənab Prezidentin qeyd etdiyi kimi, öz gözlərində tiri görməyən Avropa dövlətləri bizim gözümüzdə çöp axtarırlar. Onların anti-Azərbaycan siyasətləri sadəcə gülüş doğurur. BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə bəyanata imza atan dövlətlər, xüsusilə də, Fransa, Almaniya, ABŞ, İspaniya və digərləri müxtəlif dövlrlərdə başqa dövlətlərə və xalqlara qarşı insanlıq tarixində görünməmiş cinayətlər törədiblər. Fransanın Əlcəzairdə müsəlman olduqları üçün dinc insanlara qarşı törətdiyi soyqırımı insanlıq əleyhinə törədilmiş ən böyük cinayətlərdən hesab olunur. Bu günün özündə Fransa bəzi Afrika ölkələrində ordu saxlayır. Bu gün Fransa, Hindistan kimi ölkələr Ermənistanı silahlandırır. Həmin silahlar İran və Gürcüstan vasitəsilə Ermənistana çatdırılır. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, Fransanın "Acmat" şirkətinin istehsalı olan "Bastion" markalı çoxməqsədli zirehli maşınlar Ermənistana verilib.

Təbii ki, Hindistan və Fransanın bu addımları bütün beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir. Onlar regionda sülh və sabitliyin olmasında maraqlı deyillər. Müharibədən məğlub durumda çıxmış Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda siyasi və hərbi gərginlik yaratmaq istəyirlər. Fransanın məqsədi Ermənistan vasitəsilə Qafqaza nəzarəti həyata keçirməkdir. Fransa Ermənistana strateji silahlar yox, radiolokasiya sistemləri göndərib. Onlar bununla Qafqazın hava məkanına nəzarət etmək istəyirlər. Azərbaycan və İranın böyük bir hissəsi daxil olmaqla Cənubi Qafqaz Fransa tərəfindən müşahidə ediləcək, kəşfiyyat işləri aparılacaq.

Sözsüz ki, ordusu tərəfimizdən dağıdılmış, çökdürülmüş Ermənistana hansısa texniki avadanlıqların, silah-sursatların verilməsi onu xilas etməyəcək. Nə qədər ki, Ermənistan qonşuları ilə, xüsusilə də, Türkiyə və Azərbaycanla münasibətlərini yoluna qoymayıb, sülh sazişi imzalamayıb blokada vəziyyətində qalacaq, dünyaya çıxışı olmayacaq.

Azərbaycan sentyabrın 20-də öz ərazisində həyata keçirdiyimiz anti-terror tədbirləri zamanı heç bir yaşayış binası, uşaq bağçası, məktəb, xəstəxanaya xəsarət yetirmədən ərazi bütövlüyünü təmin etdi. Qarabağdan köçüb getmək istəyən ermənilər müsahibələrində Azərbaycandan heç bir inciklik etmədilər, onların burada qalıb yaşamaları üçün müraciət etdik. Biz könüllü şəkildə Qarabağı tərk edən erməniləri burada məcburi şəkildə saxlaya bilməzdik. Biz Qarabağda qalıb yaşayan ermənilər üçün hər cür şərait yaratmışıq.

Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin icrasını özü həyata keçirdi. 27 il ərzində kağız üzərində qalan qətnamələr Ermənistan tərəfindən sayılmırdı, qəbul edilmirdi. Əksinə Ermənistan özünün işğalçılıq siyasətini davam etdirirdi. Azərbaycanın doqquz şəhərini, yüzlərlə kəndini yer üzündən sildi, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtdı, təhqir etdi.

Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT nizamnaməsinə uyğun olaraq güc yolu ilə bərpa etdi. Bu gün Azərbaycan ərazisində separatizm ocağı qalmayıb, suverenliyimiz tam təmin edilib. Yaxşı olardı ki, BMT kimi təşkilatlar, Fransa kimi dövlətlər Azərbaycanın Qarabağda həyata keçirdiyi təmir-bərpa, quruculuq, abadlıq işlərinə dəstək versinlər. Gəlib öz gözlərilə Qarabağda aparılan işlərlə tanış olsunlar, Ermənistanın vandalizm aktlarının şahidi olsunlar. Əminəm ki, Qarabağda erməni vəhşiliyini görən beynəlxalq təşkilatların, xarici dövlətlərin nümayəndələri Ermənistanı bir daha müdafiə etməz və Azərbaycana vurulan maddi və mənəvin zərərin ödənilməsi üçün öz dəstəklərini əsirgəməzlər. Təbii ki, Azərbaycan Ermənistanın kompensasiya ödəməsi, cərimələnməsi üçün bütün hüquqi addımları atacaq. Biz bu gün Qarabağda quruculuq işlərini heç bir donor təşkilatın, xarici dövlətlərin iştirakı olmadan, öz vəsaitlərimiz hesabına həyata keçiririk.

Budur Azərbaycan dövlətinin gücü! Budur Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi!

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı