Ağcabədi rayonunda ana olan 15 yaşlı qız ilə bağlı cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın dünyaya uşaq gətirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:
“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb”.
Qeyd edək ki, ötən gün 2006-cı il təvəllüdlü yeniyetmə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında övlad dünyaya gətirib.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır.