Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ölkəmiz üçün yeni dövr başlayır. Azərbaycan bu yeni mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü, sözün həqiqi mənasında, müstəqil siyasət yürüdə bilən və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunan dövlət kimi qədəm qoyur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov söyləyib.
Deputat bildirib ki, son 20 ildə ölkədə ümumi daxili məhsulun 7 milyard dollardan 72 milyard dollara yüksəlməsi, valyuta ehtiyatlarının 1,6 milyard dollardan 70 milyard dollara çatması həyata keçirilən düzgün və düşünülmüş iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. İndi qarşımızda daha böyük vəzifələr var. Əlbəttə ki, ilk növbədə, işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları, hərbi potensialımızın daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin 2026-cı ildə başa çatdırılması gözlənilir və bu dövrə qədər 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarında məskunlaşmaq imkanı əldə edəcək. Eyni zamanda, güclü hərbi sənaye kompleksi yaradılması, Ordumuzun imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu addımlar yeni dövrün reallıqları, xüsusilə dünyada baş verən mürəkkəb geosiyasi proseslər kontekstində son dərəcə vacib əhəmiyyət kəsb edir.
Soltan Məmmədov vurğulayıb ki, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkiləri kimi daxil olub. Müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkənin bütün ərazisini əhatə etdi. Bu, çox böyük siyasi mənaya və tarixi əhəmiyyətə malik hadisədir. Azərbaycanın əldə etdiyi nailiyyətləri, qazandığı Zəfəri hələ də qəbul edə bilməyən qüvvələr var. Bu baxımdan, Prezidentin də andiçmə mərasimində qeyd etdiyi kimi, bizim birliyimiz, həmrəyliyimiz daimi olmalıdır. Dünyada yaranmış yeni reallıqlar, ziddiyyətli proseslər fonunda ideoloji risklər öz aktuallığını saxlayır. Bu risklərdən qorunmaq üçün dövlətlə cəmiyyət arasında mövcud olan qarşılıqlı etimadın əhəmiyyəti böyükdür.
Deputat əmin olduğunu bildirib ki, Azərbaycanın artan iqtisadi və hərbi potensialı, ölkədə ciddi əsaslara malik milli birlik, dövlətimizin yüksələn beynəlxalq nüfuzu istənilən təhdiddən qorunmağa imkan verir.