12 Noyabrın tarixinin Azərbaycanda Konstitusiya günü kimi qeyd edilməsi qürurvericidir. Xalqımız Əsas Qanunun qəbulunun 28-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı: “Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Ulu Öndərin Azərbaycanda dövlətə rəhbərlik etməyə başladığı ilk anlardan cəmiyyətimizə hava, su kimi lazım olan hüquqi nizamın işartıları görünməyə başladı. Ümummilli Lider həm ölkəni xaosa sürükləməyə çalışan bəzi qüvvələrin qarşısını almaq üçün səylər göstərir, eyni zamanda, hüquq quruculuğunu dayanmadan davam etdirirdi. Ulu Öndər konstitusional hüququn bərqərar olmasının vacibliyini dərindən bilən qüdrətli siyasi xadim kimi ölkədə hüquqi nizamın yalnız bu yolla bərpa edilməsini mümkün hesab edirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması üçün Konstitusiya Komissiyası yaradılmışdı. Həmin dövrdə Ulu Öndər ölkədə gedən mürəkkəb siyasi proseslərə baxmayaraq, bu komissiya qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nail oldu. Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Bu tarixi hadisə Azərbaycanda yeni konstitusionalizm nəzəriyyəsi və praktikasının formalaşmasının əsasını qoymuş oldu”.
A.Hüseynov bildirib ki, Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub: “2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirir və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə 30 ilə yaxındır öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu”.