“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. 1993-cü ilin iyun hadisələrindən 30 il keçir. Çoxəsrlik tariximizin hər bir səhifəsi daim təhlil edilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ümumilikdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illəri böyük faciələrlə, təhlükələrlə xarakterizə edilir. Xalqımız müstəqilliyin sevincini yaşamaq imkanında deyildi. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından ölkəmizdə ictimai-siyasi vəziyyət olduqca ağır idi. O illərdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdur. Həmin illər tariximizə xaos, anarxiya, özbaşınalıq, bir sözlə, qara səhifə kimi yazılıb. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə vəziyyət daha da ağırlaşdı, idarəetmə sahəsində ciddi səhvlər sonrakı proseslərin daha da dərinləşməsini şərtləndirdi. Gəncə hadisələri baş verdi. Cərəyan edən proseslər müstəqillik yollarında yenicə addımlarını atan Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoydu. 1993-cü ilin iyun ayında ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri xalqın istəyi ilə razılaşaraq Ümummilli Lideri rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan xalqında sabaha böyük ümidlər yaratdı: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində növbəti, bu günə qədər davam edən uğurlu bir mərhələ başladı. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən ilk olaraq xilaskarlıq missiyasının göz önünə gəlməsi səbəbsiz deyil. Ümummilli Lider bu missiyanı uğurla yerinə yetirərək Azərbaycanı yenidən qurdu. Dövlətçiliyin əsasları yaradıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı. Reallıq budur ki, əgər Ümummilli Lider o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Azərbaycan adlı bir dövlətin dünya xəritəsində mövcudluğundan söhbət gedə bilməzdi. Bu baxımdan 1993-cü il müstəqilliyimizin yenidən bərpasının ilk ili oldu.”
Malik Həsənov vurğulayıb ki, Qayıdışdan başlanan yolun uğurları göz önündədir: “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi. Müasir müstəqil Azərbaycanın Ümummilli Liderin şah əsəri kimi dəyərləndirilməsi Onun xilaskarlıq missiyasını nəticəsidir. Azərbaycanın hazırkı iqtisadi inkişafının, dünya birliyində söz sahibliyinin, qalib ölkə kimi nüfuz qazanmasının təməlində qayıdış dayanır. Xalqımız təbii sərvətlərinin əsl sahibinə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi təmin edildi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği Ulu Öndərin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Azərbaycan tolerant ölkə kimi dünyaya təqdim edildi. Xarici siyasətimizin əsas məsələsi olan Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Nizami ordu yaradıldı. Hansı sahəyə baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin böyüklüyünü, torpaq, Vətən sevgisindən irəli gələn addımlarının davamlılığını görərik. Ümummilli Liderin arzusu Azərbaycanın Günəş kimi dünyaya doğması idi ki, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu istəyinə nail oldu. Dahi şəxsiyyət müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən beynəlxalq aləmdə özünü təsdiqləməsini ən mühüm vəzifə kimi qarşıya qoymuşdu.”
Milli Məclisin deputatı onu da əlavə edib ki, Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti bugünkü Azərbaycanın reallıqlarının başlanğıcı oldu: “Azərbaycanın, xalqının gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işləri, layihələri özü qədər inandığı cənab İlham Əliyevin tamamlayacağına əminliyini ifadə etdi. Təbii ki, görüləcək işlər sırasında Azərbaycanın ərazi bütövlüyünün bərpası dayanırdı. 20 ilə yaxın Prezidentlik dövrünün 17 ilini işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hazırlıq işlərinə həsr edən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Cənab İlham Əliyev böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Hadisələrin təhlili Azəırbaycanın müstəqillik yolunun heç də hamar olmadığını, çətinlikləri dəf edərək bugünkü inkişafa, qalibiyyətə gəlib çatdığını təsdiqləyir. Qalib Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu bilməlidir.”