Memarı Ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Ümummilli Lider Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməsi də bizim bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Belə ki, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan beynəlxalq neft sazişi Azərbaycanın bugünkü reallıqlarının əsasını qoymuşdur. Son 20 ildə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrilmişdir. Həmçinin əməkdaşlığın coğrafiyası genişlənmiş və bu istiqamətdə başlanğıc kimi dəyərləndirilən “Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur. Artıq iki ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu mühüm addımın Azərbaycana qazandıracaq uğurlardan geniş bəhs edərək bildirdi ki, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Bununla da Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır.
Ümumiyyətlə, Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin elektrik energetikası sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, enerji sisteminin dayanıqlığı getdikcə artan ölkəmizdə yeni generasiya gücləri tikilib istifadəyə verilir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu da Azərbaycanı yaxın illərdə elektrik enerjisinin ixrac potensialını ildən-ilə artıran ölkəyə çevirəcəkdir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərində elektroenergetika sahəsinin daha geniş vüsət alması da bu sahəyə olan diqqətin bariz nümunəsidir. Belə ki, ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Göründüyü kimi, bu gün Azərbaycanın enerji təhlükəsizliyi siyasəti uğurla inkişaf edir. Cənab İlham Əliyev dünyanın təhlükəsizlik sisteminin konfiqurasiyasının dəyişməsini nəzərə alaraq, Azərbaycanda iqtisadiyyatla siyasətin səmərəli qarşılıqlı əlaqəsini yaratmış, ölkəmizin sürətli inkişafını təmin etmiş və dünya birliyində mövqeyini möhkəmlədərək, beynəlxalq aləmdə ölkəmizi qlobal enerji dəhlizinə çevirmişdir. Ümumilikdə milli energetika sistemində modern islahatların nəticəsidir ki, iqtisadi-texniki göstəricilər xeyli yaxşılaşdırılmış və bu ənənə davamlı inkişaf yolundadır.
Anar Məmmədov,
Milli Məclisin deputatı