Azərbaycanın hədəfi: Enerji ölkəsindən, enerji gücü mərkəzinə çevrilmək 

“Azərbaycanın enerji siyasəti artıq yalnız neft və qaz ixracı üzərində qurulan klassik model deyil. Bakı yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda enerji strategiyasını çoxşaxəli platformaya çevirərək həm ənənəvi enerji təhlükəsizliyinin təminatçısı, həm də yaşıl enerji keçidinin mühüm iştirakçısı olmaq iddiasını ortaya qoyur. “Bakı Enerji Həftəsi” çərçivəsində səslənən mesajlar göstərir ki, Azərbaycan XXI əsrin yeni enerji düzənində öz rolunu yenidən müəyyənləşdirir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

O qeyd edib ki, əslində Azərbaycanın enerji siyasətində əsas fəlsəfə dəyişməyib, təbii sərvətlərin milli gücə çevrilməsi yolu seçilib: “Sadəcə olaraq artıq həmin strategiyanın yeni mərhələsi başlayır. Əvvəlki mərhələdə neft və qaz iqtisadi sabitliyin, hərbi gücün və siyasi müstəqilliyin təmin edilməsinə xidmət edirdisə, indi həmin resurslar Azərbaycanın texnoloji transformasiyası, yaşıl enerji keçidi və regional liderlik ambisiyalarının maliyyə bazasına çevrilir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam ondan ibarət idi ki, neft və qaz Azərbaycanın son məqsədi deyil, vasitəsidir. Məhz bu yanaşma Bakının enerji siyasətini bir çox enerji ixracatçısı ölkələrdən fərqləndirir. Azərbaycan əldə etdiyi enerji gəlirlərini yalnız sosial və iqtisadi sabitliyə deyil, həm də strateji infrastrukturun qurulmasına, nəqliyyat və enerji dəhlizlərinin formalaşdırılmasına, ordunun gücləndirilməsinə və beynəlxalq təsir imkanlarının artırılmasına yönəldə bildi.

Bu gün Azərbaycanın iqtisadi göstəricilərinin sabitliyi, xarici borcun ÜDM-in cəmi 6 faizi səviyyəsində olması, strateji valyuta ehtiyatlarının xarici borcu 18 dəfə üstələməsi göstərir ki, Bakı enerji gəlirlərinin idarə edilməsində post-sovet məkanında ən uğurlu modellərdən birini formalaşdırıb. Bu model artıq beynəlxalq maliyyə institutlarından asılı olmayan, regional geosiyasətə təsir edə bilən dövlət modelidir”.

 İ.Yusifov əlavə edib ki, Azərbaycanın əsas strateji hədəfi isə təkcə enerji ixrac edən ölkə olmaq deyil: “Bakı Avrasiyanın enerji və logistika mərkəzinə çevrilmək istəyir. Burada söhbət yalnız Cənub Qaz Dəhlizindən getmir. Azərbaycan Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən yeni enerji arxitekturasının əsas qovşağı rolunda çıxış edir.

Bu baxımdan TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan və digər layihələr sadəcə boru xətti deyil. Bunlar geosiyasi təsir alətləridir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi məsələsi kəskin şəkildə gündəmə gəldi və Azərbaycan Avropa üçün alternativ və etibarlı tərəfdaş statusunu daha da gücləndirdi. Hazırda Azərbaycan qazının 16 ölkəyə ixrac olunması və onların 10-nun Avropa İttifaqı üzvü olması Bakının Avropa enerji təhlükəsizliyində rolunun sürətlə artdığını göstərir.

Ukraynalı rəsmilərin də etiraf etdiyi kimi, Azərbaycanın enerji dəstəyi Avropanın və Ukraynanın ən çətin qış dövründə enerji böhranının yumşaldılmasında mühüm rol oynadı. Bu isə onu göstərir ki, enerji artıq yalnız iqtisadi məsələ deyil, həm də siyasi və təhlükəsizlik faktorudur. Lakin Azərbaycanın yeni strategiyasının ən mühüm istiqaməti yaşıl enerji və texnoloji transformasiyadır. Bakı artıq anlayır ki, gələcəyin geosiyasi gücü yalnız neft və qaz ehtiyatları ilə müəyyən olunmayacaq. Süni intellekt, məlumat mərkəzləri, rəqəmsal enerji infrastrukturu və yaşıl enerji gələcək dünya iqtisadiyyatının əsas sütunları olacaq. Məhz buna görə Azərbaycan bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələrə start verib. 2032-ci ilə qədər 8 giqavatlıq yaşıl enerji potensialının yaradılması planı ölkənin enerji siyasətində yeni mərhələnin başladığını göstərir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi də bu strategiyanın tərkib hissəsidir.

Burada diqqət çəkən digər mühüm məqam isə “yaşıl dəhliz” konsepsiyasıdır. Azərbaycan artıq yalnız enerji resurslarını deyil, yaşıl enerjini də Avropaya ixrac etməyə hazırlaşır. “Qara dəniz Enerji Kabeli” layihəsi, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji xətti və Mərkəzi Asiya ilə yaşıl enerji bağlantıları Avrasiyada yeni enerji xəritəsinin formalaşdığını göstərir. Bu layihələr eyni zamanda Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Bakı Şərq-Qərb nəqliyyat dəhlizini enerji, logistika və rəqəmsal kommunikasiya platformasına çevirmək istəyir. Bu isə Azərbaycanın yalnız regional deyil, qlobal tranzit və enerji mərkəzinə çevrilməsi deməkdir.

ABŞ Prezidenti Donald Trampın məktubunda və Vaşinqton nümayəndələrinin çıxışlarında səslənən mesajlar da xüsusi diqqət çəkir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyində rolunu açıq şəkildə dəstəkləyir və Bakı ilə strateji tərəfdaşlığın genişlənməsində maraqlı olduğunu nümayiş etdirir. Xüsusilə Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesini regional enerji inteqrasiyası ilə əlaqələndirməsi yeni geosiyasi mərhələnin başlandığını göstərir. Bu o deməkdir ki, Cənubi Qafqaz artıq yalnız münaqişə bölgəsi deyil, həm də Avrasiyanın enerji və logistika təhlükəsizliyinin əsas platformalarından birinə çevrilir. Zəngəzur dəhlizi, Orta Dəhliz və enerji bağlantıları regionun geoiqtisadi çəkisini artırır”.

Sabiq deputat onu da bildirib ki, qlobal enerji bazarlarında baş verən dəyişikliklər də Azərbaycanın mövqeyini gücləndirir: “Qaz İxrac Edən Ölkələr Forumunun proqnozlarına görə, 2055-ci ilə qədər təbii qaza tələbat artmaqda davam edəcək. Elektrik enerjisi istehsalında qazın payının yüksəlməsi, LNG bazarının genişlənməsi və Asiya-Sakit okean regionunda enerji tələbatının sürətlə artması Azərbaycanın strateji əhəmiyyətini artıran əsas faktorlar sırasındadır. Bu fonda Azərbaycanın həyata keçirdiyi siyasət “ağıllı enerji strategiyası” kimi xarakterizə oluna bilər. Çünki Bakı bir tərəfdən mövcud neft-qaz potensialını maksimum geosiyasi üstünlüyə çevirməyə çalışır, digər tərəfdən isə post-neft dövrünə hazırlıq görür. Əslində Azərbaycanın yeni mərhələdə əsas məqsədi enerji ölkəsi olmaqdan daha çox enerji gücü olmaqdır. Enerji gücü isə yalnız resurslara sahib olmaq deyil, enerji marşrutlarını, texnologiyaları, tranzit imkanlarını və regional əməkdaşlıq platformalarını idarə edə bilmək deməkdir.

Bu gün Bakıdan verilən əsas mesaj da budur: Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil, Avrasiyanın enerji təhlükəsizliyini, yaşıl keçid strategiyasını və regional inteqrasiyanı formalaşdıran əsas aktorlardan birinə çevrilməkdədir”.