Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi qəbul olunur. Dövlətimiz həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində nəinki bölgədə, dünyada etibarlı tərəfdaş imicini formalaşdırıb. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin sözü imzası qədər dəyərli və keçərlidir. Bütün dünya bunu artıq belə qəbul edir. Bu xüsusiyyət, üstünlük heç də bütün dövlət başçılarına nəsib olmur. Cənubi Qafqaz məkanında lider dövlət kimi çıxış edən ölkəmiz çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası yürüdür. Həm ikitərəfli münasibətlər, həm də çoxşaxəli əlaqələr kontekstində regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın sabit və ardıcıl xarici siyasəti, davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal cazibə mərkəzlərindən birinə çevirib. Regionun taleyinin həll olunduğu Bakı sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verir, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.
Ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan parlamentinin də özünəməxsus rolu olduğunu diqqətə çatdıran deputat deyib: “Parlament diplomatiyası ölkəmizin xarici siyasətində vacib yer tutur. Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları mövcuddur. Deputatlar beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xarici ölkələrin parlamentləri ilə qurulan sıx əlaqələr dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Qanunvericilik sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması Azərbaycana verilən dəyərin bariz nümunəsidir”.
İ.Yusifov qeyd edib ki, Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə 82 ölkənin parlamenti ilə dostluq qrupları, 12 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və 1 ikitərəfli komissiya fəaliyyət göstərir. Milli Məclisin sədrinin rəhbərliyi ilə nümayəndə heyətləri son illər bir sıra ölkələrə rəsmi səfərlər ediblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılıb, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan parlamentinin nümayəndə heyətləri hər zaman müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər.
Avronest Parlament Assambleyasının (PA) Brüsseldə keçirilən 11-ci sessiyasında Milli Məclisin nümayəndə heyətinin iştirakını məhsuldar hesab edən deputat məlumat verib ki, Azərbaycan qaydaya uyğun olaraq, növbəti bir il ərzində Avronest PA-nın Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. Komitə iclasında Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim etdiyi "Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində konfliktlərdən təsirlənən məcburi köçkünlərin və mina qurbanlarının sosial və peşəkar adaptasiyasının dəstəklənməsi" mövzusu səs çoxluğu ilə qəbul edilib. İclasda Ermənistandan qovulan azərbaycanlıların hüquqlarının bərpası, işğaldan azad edilmiş ərazilərdə mina qurbanlarının sayının artması məsələləri qaldırılıb. Həmçinin sosial xidmətlərin rəqəmsallaşması mövzusunda müzakirələrdə üstün nümunə olaraq Azərbaycanın Əmək və Sosial Müdafiə Nazirliyinin DOST Mərkəzinin təqdimatı keçirilib.
Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün Azərbaycan nümayəndə heyəti sənədi etirazla qarşılayıb. Deputatla aparılan görüşlər kompromis variant hazırlamaq üçün nəticə vermədiyindən məruzənin tamamilə ləğvinə nail olunub.
Müzakirədə çıxış edən azərbaycanlı deputatlar enerji təhlükəsizliyi və yeni enerji infrastrukturlarının inşa edilməsində Azərbaycanın rolu, yaşıl enerjiyə keçidin vacibliyi, Azərbaycanda COP29 tədbirinin keçirilməsinin dünyaya verəcəyi töhfə haqda fikirlər səsləndiriblər. İclasda Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu "Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması" olaraq seçilib.
İ.Yusifovun sözlərinə görə, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında imzalanan Anlaşma Memorandumu da vacib siyasi əhəmiyyət kəsb edir. İmzalanma mərasimindən sonra bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının genişlənməsində, həmçinin Qoşulmama Hərəkatına üzv olan ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq isə bu istiqamətdə fəaliyyətin şaxələndirilməsinə xidmət edəcək. İmzalanmış memorandum bu iki qurum arasında əlaqələrin genişlənməsinə, parlament diplomatiyası çərçivəsində ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı əməkdaşlığın inkişafına imkan yaradır.
“Göründüyü kimi, beynəlxalq təşkilatların sessiya və konfranslarında təmsil olunan ölkəmizin ədalətli mövqeyi diqqətə çatdırılır. Həmçinin parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə keçirdikləri görüşlərdə həm Azərbaycan həqiqətlərini iştirakçıların diqqətinə çatdırır, həm də beynəlxalq aləmdə trend olan siyasi proseslərdə fəal iştirak edir, problemlərin həllində vacib rol oynayırlar. Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, həm 44 günlük Vətən müharibəsi, həm də ötən ilin sentyabrında aparılan antiterror tədbirləri zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərdi. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları dünya ictimaiyyətinin məlumatlandırılmasına, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına sərf olundu.
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin 2021-ci il iyulun 27-də Bakıda keçirilən üçtərəfli görüşündən sonra Bakı Bəyannaməsinin imzalanması da parlament diplomatiyasının güclənməsinə mühüm töhfə oldu. Bu gün Azərbaycan bütün dost dövlətlərlə dünyada və regionda sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq naminə fəal əlaqələr qurur. Biz bundan sonra da yeni reallıqlar və milli maraqlar çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Milli Məclisin deputatı vurğulayıb.