"Dahi” sözünün mənası "Azərbaycan dilinin izahlı lüğəti”ndə aşağıdakı kimi verilib: xariqüladə
ağıl və zəkaya malik şəxs.
"Xariqüladə” məfhumu isə qeyri-adi, misli görünməmiş kimi ifadə edilir.
Dahi o insandır ki, bütün yaradıcılığını, fəaliyyətini vətəninin tərəqqisinə, xalqının rifah halının
yüksəldilməsinə həsr etmiş olsun və onun irsi, ideyaları davam etdirilərək gələcək nəsil üçün
uzunmüddətli proqrama çevrilsin.
Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz dahi şəxsiyyət idi. Ulu öndər təkcə siyasət aləmində
deyil, həyatın bütün sahələrində – quruculuq işlərində, təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, incəsənətin və
digər sahələrin inkişafında dahilik qazanmışdır. Müxtəlif peşə adamları Heydər Əlirza oğlunu özünün müəllimi,
çalışdığı sahənin mahir bilicisi hesab edirlər. Siyasətçilər onu əvəzolunmaz siyasətçi, tarixçilər tanınmış tarixçi
hesab edirlər. Memarlar isə iddia edirlər ki, Heydər Əliyev zövqlü memar, qurucu insan idi. Alimlər isə onun
ümumiyyətlə yaradıcı şəxs olduğunda israr edirlər.
Xalqımız ümummilli lideri qəlbində daim yaşadır, onu sonsuz ehtiramla yad edir, respublikamızın
hərtərəfli tərəqqisi üçün göstərdiyi xidmətləri unutmur, böyük öndərin ideyalarına sadiq qaldığını bildirir.
Ümummilli liderin 87-ci ildönümünün artıq indidən respublikamızın bütün bölgələrində təntənə ilə qeyd
edilməsi dediyimizə əyani sübutdur.
Heydər Əliyev ömrünün əsas hissəsini Azərbaycan xalqının tərəqqisinə, onun dünya xalqları arasında
şərəfli yer tutmasına, elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafına həsr etmişdir. Onun 1969-cu
ildən 1982-ci ilədək Azərbaycana ilk rəhbərliyi dövründə respublikamızda 200-dən artıq sənaye müəssisəsi işə
salınmışdı. Respublikamızda insanların yaşayış səviyyəsi ildən-ilə yüksəlirdi. Hamı Heydər Əliyevin qayğısını
görür, diqqətini hiss edirdi. Ulu öndər böyük siyasətçi, böyük azərbaycanlı, yaradıcı, qurucu insan, xalqının
şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Onun titanik siyasi fəaliyyəti dünya
siyasətçilərinə bir örnək idi. Məhz buna görə də Heydər Əliyev fenomeni həmişə diqqət çəkmişdir.
Təsadüfi deyildir ki, SSRİ-nin rəhbərlərindən biri demişdi ki, Heydər Əliyevin fəaliyyət dairəsi artıq
Azərbaycana sığışmır. Onun tükənməz enerjisi İttifaq rəhbərliyinə lazımdır. SSRİ rəhbərliyi bu qərara gəlmişdi
ki, Heydər Əliyevin fitri istedadından, tükənməz enerjisindən, zəngin təcrübəsindən, siyasi biliyindən İttifaq
üçün istifadə etsin.
Bu məqsədlə Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edirlər və o,
eyni zamanda Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü seçilir. Həmin vəzifədə çalışdığı beş il müddətində o,
İttifaqın tərkibinə daxil olan bütün müttəfiq respublikaların, o cümlədən Rusiya Federasiyasının inkişafında
xüsusi rol oynamışdır. Heydər Əliyev Moskvada yaşayıb işləyərkən də doğma Azərbaycanın tərəqqisi üçün
əlindən gələni əsirgəməmişdir. Bunu yalnız qəlbi doğma vətəni və xalqı üçün döyünən insan edə bilər.
Bu, ulu öndərimizin qəlbinin ifadəsidir, onun öz qanı, canı ilə Azərbaycana bağlı olduğunun
təzahürüdür. Heydər Əliyev həyatın bütün sahələrinin inkişafını zəruri sayırdı. Bu dahi, tükənməz enerjili insan
ən çətin işlərdən belə çəkinmirdi. Həyatın hansı istiqamətinə rəhbərlik edirdisə, qısa müddətdə o sahənin adı ön
sıralarda çəkilirdi. Bu, böyük öndərin təşkilatçılıq qabiliyyətinin, dərin zəkasının sayəsində olurdu.
Bir faktı nəzərə çatdırmaq istəyirəm. Heydər Əliyev keçmiş SSRİ hökumətində çalışarkən ona ən ağır
sahəyə – nəqliyyat sisteminə rəhbərlik tapşırılmışdı. Sonralar isə eyni zamanda təhsil, səhiyyə məsələlərinə
baxmışdır. Heydər Əliyev, hansı sahədə olursa-olsun, uzaqgörənliyi, düzgün siyasət yeritməsi, önəmli islahatlar
aparması ilə seçilir, müvəffəqiyyətlər əldə edir, nüfuz qazanırdı.
Ümummilli liderin rəhbərliyi dövründə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən də səhiyyə
sistemində böyük inkişaf olmuşdur. Bu sahədə aparılan uğurlu islahatlar öz bəhrəsini vermişdir. Ulu öndər ilk
növbədə uşaqların sağlam böyümələri qayğısına qalırdı. Buna görə də uşaq poliklinikalarının, xəstəxanalarının
tikintisini ön plana çəkirdi.
Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk beş ili ərzində 35-dən çox uşaq xəstəxanası
və poliklinikası tikilib istifadəyə verilmişdir.
Ümummilli liderin ilk növbədə uşaq səhiyyəsinin problemləri ilə ciddi maraqlanması təsadüfi deyildi,
bu onun uzaqgörənliyinin ifadəsi idi. O, genofondun sağlamlaşmasını, uşaq ölümünə səbəb olan ağır infeksion
328
xəstəliklərin, epidemiyaların qarşısının alınmasını, kütləvi peyvəndləşməni ön plana çəkirdi ki, xalqımız
gələcəkdə bu cür problemlərlə üzləşməsin. Tibb sahəsinin zəifləmiş maddi-texniki bazasının
möhkəmləndirilməsinə xüsusi diqqət yetirən ulu öndər bu məsələni özünəməxsus təmkin və inamla yerinə
yetirirdi. Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi ölkə iqtisadiyyatının vəziyyəti ilə
birbaşa bağlı idi. Ona görə də ulu öndər respublikanın milli gəlirinin, xalq təsərrüfatının müxtəlif sahələrində
istehsalın həcminin artmasına çox ciddi diqqət yetirirdi. Bu isə sosial vəziyyətin yaxşılaşdırılmasına səbəb
olurdu.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi 1969-cu ilin avqust ayında
keçirilən Azərbaycan Kommunist Partiyasının plenumunda səhiyyənin inkişafına həsr olunmuş məsələnin
müzakirəsinə və dekabr ayında səhiyyə haqqında qanunvericiliyin əsasları üzrə qərar qəbul edilməsinə nail oldu.
Həmin tədbirlərdə qəbul edilmiş qərarlar Azərbaycanda səhiyyənin gələcək inkişaf perspektivlərini
müəyyənləşdirən mühüm sənədlər sırasındadır. Məhz bundan sonra yeni səhiyyə müəssisələrinin tikintisinə,
mövcud olan müalicəxanaların əsaslı təmir edilməsinə, onların yeni avadanlıqla təchizinə şərait yarandı.
Səhiyyənin ümdə problemlərini həll etmək üçün qarşıda duran ən mühüm vəzifələrdən biri ölkədə
yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasını təmin etməkdən ibarət idi. Bununla əlaqədar ulu öndərin
təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda ciddi islahatlar aparıldı. Burada maddi-texniki baza
möhkəmləndirildi, tədrisin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırıldı, aspirantura və klinik ordinatura, eləcə də
internatura şöbələri yaradılaraq, onların fəaliyyət dairəsi genişləndirildi, yeni fakültələr, dekanlıqlar təşkil edildi
və ucqar rayonlarda kadr çatışmazlığı nəzərə alınaraq qəbulun sayı artırıldı.
Rayonlarda tibb kadrlarına, səhiyyə işçilərinə olan tələbatı ödəmək, kənd yerlərindəki tibb
müəssisələrini yüksəkixtisaslı həkimlərlə təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində təşkil
edilmiş hazırlıq kursu və bu kursa ucqar rayonlardan olan gənclərin imtiyazlarla qəbul edilməsi problemin
həllində mühüm rol oynadı.
Heydər Əliyev dövrünün ilk mərhələlərində tikilib istifadəyə verilmiş Respublika Klinik Urologiya
Xəstəxanası (Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və yaxından köməyi ilə bu xəstəxana hazırda
yenidən qurulmuş, ona ikinci ömür verilmişdir), neyrocərrahiyyə, diaqnostika, toksikologiya, yanıq və
reabilitasiya mərkəzləri ölkə əhalisinin sağlamlığının qorunmasında mühüm rol oynamışdır. Həmin dövrlərdə
təməli qoyulmuş elmi-tədqiqat oftalmologiya və elmi-tədqiqat onkologiya institutları (indiki Milli Onkologiya
Mərkəzi) hazırda xəstələrə nümunəvi xidmət göstərir.
Keçən əsrin 60-70-ci illərində Azərbaycanda sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində
çalışan insanlar, xüsusilə də neftçıxarma və neft emalı sənayesi işçiləri arasında peşə xəstəlikləri artırdı. Bunun
qarşısını almaq üçün geniş tədbirlər planı həyata keçirilirdi. Ulu öndərin göstərişləri və tövsiyələri ilə aparılan
profilaktik tədbirlər nəticəsində peşə xəstəliklərinə tutulanların sayı 25 faiz azalmışdı. Görkəmli oftalmoloq,
akademik Zərifə Əliyevanın bu sahədə böyük xidmətləri olmuşdur. Yeni müalicə üsulları barədə onun sanballı
elmi məqalələri işıq üzü görmüşdür. Akademikin səhiyyə sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, o,
SSRİ Tibb Elmləri Akademiyasının Averbax mükafatına layiq görülmüşdür.
Ümummilli lider 1998-ci ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin yeni tədris korpusunun
açılış mərasimində çıxış edərkən demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər
İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı
göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən
böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində
xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji mərkəzin, həm kardioloji mərkəzin, həm ürək cərrahiyyəsi
mərkəzinin, həm oftalmoloji mərkəzin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki
bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ
Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də
bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım.
Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana
yardım etməyə çalışırdım”.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan səhiyyəsi
qarşısında yeni perspektivlər açdı. Dağıdılan strukturlar bərpa olundu. Ulu öndərin yaratdığı beynəlxalq əlaqələr
nəticəsində kütləvi peyvəndlərin aparılması yenidən qaydaya salındı, baş qaldırmış infeksion xəstəliklərin,
epidemiyaların qarşısı alındı.
1994-cü il oktyabr ayının 24-də Heydər Əliyevin imzaladığı fərmana əsasən Səhiyyə Nazirliyində
Büdcədənkənar Tibbi Xidmət İdarəsinin yaradılması müstəqil ölkəmizin səhiyyə sistemində
özünümaliyyələşdirmənin təməlinin qoyulmasına zəmin yaratdı. Özünümaliyyələşdirmənin təsir dairəsini
329
genişləndirərək daha da mükəmməlləşdirmək üçün 1996-cı ildə ulu öndər bu haqda sərəncam imzaladı.
Beləliklə də problemin həllinin tənzimlənməsinə yeni imkanlar yarandı. 1999-cu ildə isə "Tibbi sığorta
haqqında” qanun işıq üzü gördü.
Ulu öndərin tibb elminə, səhiyyə sisteminə göstərdiyi qayğı sayəsində Azərbaycan Tibb Universiteti
1996-cı ildə Amerika və Avropa Təhsil Birliyinin beynəlxalq reyestrinə daxil edildi və bundan sonra ölkəmizin
dövlət xətti üzrə yeganə ali tibb təhsili ilə məşğul olan tədris ocağının beynəlxalq əlaqələri daha da
genişləndirildi, xarici ölkələrin ali tibb müəssisələri ilə tələbə mübadiləsi aparılması, alimlərimizin xarici
əlaqələrinin genişləndirilməsi lazımi səviyyəyə çatdırıldı. Müstəqillik dövründə ulu öndərin uzaqgörənliyi
sayəsində tibb təhsili sistemində bir sıra uğurlu islahatlar həyata keçirilmiş, ATU-nun nəzdində ölkəmiz üçün
strateji əhəmiyyət kəsb edən hərbi-tibb fakültəsi yaradılmışdır.
Ölkəmizdə tibb elmi, tibb təhsili sistemi, səhiyyə sahəsi hazırda ulu öndərin layiqli davamçısı, onun
mətin ardıcılı Azərbaycan Prezidenti İlham Əliyevin böyük qayğısı ilə əhatə olunmuşdur. Son illərdə möhtərəm
Prezident İlham Əliyevin təşəbbüsü ilə Qubada, Lənkəranda, Ucarda, Göygöldə, Naxçıvan Muxtar
Respublikasında və respublikanın digər ucqar regionlarında beynəlxalq standartlara uyğun olan yeni tibb
mərkəzləri, müalicə obyektləri tikilib istifadəyə verilmiş, ən müasir tibb avadanlığı ilə təchiz edilmişdir.
Bu gün Azərbaycan Respublikası sürətli sosial-iqtisadi inkişaf tempinə malikdir. Hazırda Bakı
şəhərində və başqa bölgələrdə geniş tikinti-quruculuq işləri aparılır. Tikinti sektorunun bu cür inkişafı yeni iş
yerlərinin açılmasına, tikinti materialları sənayesinin inkişafına, əhalinin mənzilə olan tələbatının ödənilməsinə
kömək göstərir.
Respublikanın dinamik iqtisadi inkişafı, modernləşdirilmə məsələləri daim diqqət mərkəzində saxlanılır.
Bu məsələlərə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını
müəyyənləşdirərkən: modernləşdirmə xətti” və "İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı
məqalələrində geniş şərh verilmişdir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin elmin
inkişafına dair göstərişləri və qəbul etdiyi qərarlar müstəsna əhəmiyyət kəsb edir. Vaxtında qəbul edilmiş
qərarlar yeni nəslin, elm adamlarının, xüsusilə də gənc alimlərin sosial vəziyyətinin yaxşılaşmasına öz müsbət
təsirini göstərməklə daha fundamental tədqiqatlar aparılmasını stimullaşdırır. 2009-cu il yaddaşlarda
Azərbaycan dövlətinin elm, innovasiya və XXI əsrin milli intellektual potensialını səfərbər etmək baxımından
tarixi əhəmiyyətli dövlət qərarlarının qəbul etdiyi il kimi qalacaqdır. Ona görə ki, elmin inkişafına və bu sahədə
problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra mühüm sənədlər məhz 2009-cu ildə
imzalanmışdır. Bunlardan 4 may 2009-cu il tarixli "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı,
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nı, 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sənədi qeyd etmək olar.
Bütün bunlar ona dəlalət edir ki, qlobal böhranın təsirindən minimal itki ilə çıxmağı bacaran
Azərbaycanı bundan sonra iqtisadi sahədə dinamik inkişaf mərhələsi gözləyir. Bu inkişafı şərtləndirən digər
əsas amillərdən biri isə ölkəmizdə zamanın nəbzinə uyğun sosial-iqtisadi islahatların aparılmasıdır. Prezident
İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli
inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün
və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol
vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün
infrastruktur layihələri, sosial proqramlar icra edildi”.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı nəzərə alınaraq son illər ərzində dövlət rəhbərinin
tövsiyəsi ilə səhiyyənin prioritet sahələri üzrə doqquz dövlət proqramı qəbul edilmişdir. Hazırda hemofiliya və
talassemiya irsi qan xəstəlikləri üzrə dövlət proqramları, ana və uşaqların sağlamlığının qorunması, xroniki
böyrək çatışmazlığı üzrə tədbirlər proqramları, qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin
inkişafına dair dövlət proqramı icra edilir. Bunun üçün dövlət məqsədli surətdə maliyyə vəsaiti ayırmışdır.
Xəstəliklərin vaxtında aşkar edilməsi və onlara nəzarət sisteminin yaradılması məqsədilə Səhiyyə
Nazirliyinin 24 oktyabr 2007-ci il tarixli 100 saylı əmri ilə "Tədbirlər proqramlarına daxil edilmiş xəstəliklərin
ilkin aşkarlanma hallarının qeydiyyatı vərəqi” vahid formada təsdiq edilmişdir.
Ölkəmizdə endikrinoloji xəstəliklərdən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərə yardım etmək
məqsədilə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) şəkərli diabet xəstələrinin sayının artacağı
haqqında proqnozunu nəzərə alaraq, 2003-cü ilin dekabrında "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında” qanun qəbul edilmiş və respublika Prezidenti cənab İlham Əliyevin 2004-cü il 14 fevral 330
tarixli fərmanı ilə təsdiq edilmişdir. Həmin fərman əsasında hazırlanmış dövlət proqramının yerinə yetirilməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin
aşkar edilməsi işi yaxşılaşmış, onların qeydiyyata götürülməsi məsələsi qaydaya salınmışdır.
Hazırda dövlət proqramı çərçivəsində xəstələr şəkərsalıcı dərman preparatları ilə təmin olunurlar.
Onlara özünənəzarət vasitəsi olan qlükometr və test çubuqları pulsuz paylanılır. Eyni zamanda, şəkərli diabet
xəstələrinin müayinə və müalicəsində müstəsna əhəmiyyəti olan qlikozilləşmiş hemoqlobinin təyin edilməsi
məqsədilə endokrinoloji yardım göstərən tibb müəssisələri ekspress analizator və test striplərlə təmin edilmişdir.
Əhaliyə göstərilən hematoloji yardım və qan xidmətinin inkişafına dövlət səviyyəsində yüksək diqqət
yetirilmişdir. Bu sahədə bir sıra qanunverici və normativ sənədlər qəbul edilmişdir.
Bədxassəli şişlərdən yüksək xəstələnmə, ölüm göstəriciləri və bununla əlaqədar baş verən böyük sosialiqtisadi
itkilər bu xəstəliklə mübarizə işinə prioritet dövlət istiqamətlərindən biri kimi yanaşmağa əsas verir. Bu
baxımdan 23 may 2006-cı il tarixdə Milli Məclisin onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın
göstərilməsinin hüquqi əsaslarını müəyyən edən "Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanununu qəbul etməsi təsadüfi deyildir. Bu məsələ ilə əlaqədar ölkə Prezidentinin 2006-cı il 2 avqust tarixli
fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən onkoloji xidmətin fəaliyyətini
tənzimləyən 5 normativ akt təsdiq edilmişdir. Proqram qəbul edildikdən sonra onkoloji xidmətə ayrılan vəsait 3
dəfə artırılmış, bu sahədə fəaliyyət müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır.
Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və
perspektivlərini müəyyənləşdirdiyi həyati məsələlərin həlli istiqamətində məqsədyönlü siyasət aparmasının,
islahatlar keçirməsinin əyani sübutudur. Bu bir də onu göstərir ki, ulu öndərin layiqli davamçısı, ölkə başçısı
cənab İlham Əliyev başqa sahələr kimi, səhiyyə məsələlərini, insanların sağlamlığını, gələcək nəslin gümrah
böyüməsini daim diqqət mərkəzində saxlayır. Dövlət səviyyəsində görülən işlər, həyata keçirilən tədbirlər
dediklərimizə əyani sübutdur.
2006-cı il iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli
Onkologiya Mərkəzinin yeni korpuslarının tikintisinin təməli qoyulmuşdur. Mərkəz artıq ən müasir tibbi
avadanlıqla təchiz edilmiş yeni binada fəaliyyət göstərir. Burada quraşdırılmış rəqəmsal rentgen cihazları,
kompüter tomoqraf və nüvə-maqnit rezonans qurğuları, xəttigücləndirici, mammoqraf xəstəliklərin diaqnozunu
dəqiq müəyyənləşdirməyə imkan yaratmışdır. Mərkəz mobil diaqnostik komplekslə də təmin edilmişdir ki, bu
səyyar qurğu bölgələrdə onkoloji xəstələrin aşkar edilməsi üçün geniş imkanlar yaradıb. 2007-ci ildə isə
Azərbaycan Tibb Universitetinin ən müasir tibb avadanlığı ilə təchiz edilmiş onkoloji klinikası istifadəyə
verilmişdir.
Yeni kadrların hazırlanması, tədris müəssisələrində əlverişli, nümunəvi şərait yaradılması da ölkə
rəhbəri İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Bunu Tibb Universitetinin timsalında da aydın
görmək olar.
2007-ci ilin sentyabrında ATU-nun çoxprofilli tədris-terapevtik klinikasının tikintisinə başlanması
haqqında Azərbaycan Prezidenti sərəncam imzalamış, elə həmin ayda da binanın təməlqoyma tədbiri
keçirilmişdir. Hazırda klinikanın tikintisi başa çatdırılmışdır və istifadəyə, demək olar ki, hazırdır. Həmin
tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etmişdir. Yeri
gəlmişkən, onlarca səhiyyə obyekti və təhsil müəssisəsinin tikilib istifadəyə verilməsində, mövcud olanların
müasir tələblər səviyyəsində yenidənqurulmasında, onların müasir avadanlıqla təchizində Mehriban xanım
Əliyeva misilsiz xidmətlər göstərir.
Cənab İlham Əliyevin 2008-ci il mart ayının 13-də imzaladığı sərəncama əsasən ATU-nun daha bir
klinikasının – cərrahiyyə klinikasının tikintisinin başlanılmasına start verilmişdir. Səhiyyə və tibb elminin öndə
gedən sahəsi sayılan cərrahiyyənin Azərbaycanda böyük tarixi, zəngin keçmişi və ənənələri var. Təcili və
təxirəsalınmaz cərrahi xidmətin optimal təşkili və işinin yaxşılaşdırılması səhiyyə qarşısında duran ən mürəkkəb
problemlərdəndir. Bu səbəbdən də cərrahi yardım göstərən tibb müəssisələrinin imkanlarının artırılmasına
xüsusi diqqət yetirilir. Bakı Şəhər Kliniki Tibb Mərkəzinin, Sumqayıt şəhər təcili yardım xəstəxanalarının
rekonstruksiya və əsaslı təmirindən sonra ən müasir tibbi avadanlıqlarla təchizatı və əhalinin ixtiyarına verilməsi
də bu kompleks tədbirlər sisteminə aiddir.
Başqa bir mühüm sənəd barədə. Bu, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın
keyfiyyətinin və səmərəliyinin artırılması məqsədilə Azərbaycan Prezidentinin imzaladığı 20 fevral 2007-ci il
tarixli sərəncamdır. Həmin sərəncamla bu xidmətə əlavə olaraq Prezident fondundan 12 milyon manat vəsait
ayrılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2007-ci il tarixli sərəncamına əsasən isə, təcili və
təxirəsalınmaz tibbi yardım xidmətində çalışan işçilərin vəzifə maaşları 2 dəfə artırılmışdır.331
Bütün müvəffəqiyyətlər qəlbi həmişə Azərbaycanla bir döyünən, onun adını dünya tarixinə birdəfəlik
yazan, hər işi xalqı üçün edən fenomen siyasətçi, ulu öndər Heydər Əliyevin düzgün siyasətinin, əsasını
qoyduğu işlərin davam etdirilərək həyata keçirilməsinin nəticəsidir. Son illər Azərbaycanda qazanılan böyük
nailiyyətlər məhz ulu öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə
əldə edilmişdir.
Bəli, ümummilli lider siyasi varis yetirməkdə də yanılmamışdır. Ulu öndərin prinsiplərinə sadiq qalan
möhtərəm Prezident İlham Əliyevin də amalı Azərbaycanı sürətlə inkişaf etdirmək, xalqımızın rifah halını
yüksəltmək, gələcək nəslin sağlam böyüməsini təmin etmək, torpaqlarımızı düşmən tapdağından azad etməkdir.
Oktay Kərimov
Kapital bankın Quba filialının rəhbəri
Oktay Kərimov
Kapital bankın Quba filialının rəhbəri