Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində Sabirabad şəhərində "Sağlam gənclik – sağlam gələcək” devizi altında velo-yürüş keçirib.
Birliyin mətbuat xidmətindən daxil olan məlumata görə, Sabirabad Gənclər və İdman İdarəsinin, rayon İcra Hakimiyyətinin də dəstək verdiyi aksiya şəhərin Bayraq meydanından başlayaraq mərkəzi küçələrdən keçməklə Baş meydanda başa çatıb. Onlarla gəncin iştirak etdiyi velo-yürüşdə Sabirabad İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, ictimaiyyət nümayəndələri, şəhər sakinləri də iştirak edib.
Hamı tərəfindən maraqla qarşılanan velo-yürüş Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başa çatıb.
Qeyd edək ki, "Sağlam gənclik-sağlam gələcək” devizi altında baş tutan idman tədbirinin məqsədi gənclərdə bədən tərbiyəsinə marağı daha da artırmaq, onlara sağlam həyat vərdişlərini aşılamaq, gənclərin asudə vaxtını səmərəli keçirməyə şərait yaratmaq olub.