"İdman tarixinə yazılacaq Avropa Oyunlarına iki aydan az vaxt qalıb. Hər kəs bunun ölkəmizdə keçirilməsi ilə fəxr edir”. Bunu Bakı-2015-in Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov deyib.
Avropa Oyunlarının məşəlinin və xəritəsinin təqdimat mərasimində çıxış edən gənclər və idman naziri bununla bağlı geniş məlumat verib: "Aprelin 26-sı məşəl estafetinin ilk günü olacaq. Atəşgah Məbədində yandırılıb, 48 gün gəzəcək. Bununla bağlı hər şey artıq hazırdır. Təşkilat Komitəsinin qərarına əsasən, məşəl SOCAR-ın dəstəyi ilə Bakıya çatmamış 5500 km məsafəni qət edəcək. 66 sm hündürlüyü olan məşəl Bakı-2015 ruhuna tam uyğundur. Başlığında 50 xüsusi element yer alıb ki, bu da iştirakçıları əks etdirir. Estafetdə 1000-dən çox məşəlçi, 130-dan artıq maşın olacaq. Məşəl yerin altında metro, üstündə maşın, fayton və atla, suda qayıqla, göydə isə təyyarə ilə aparılacaq. Məşəli YAPAT-la birgə Sebastian Berqne dizayn edib”.