Azərbaycan və Rusiya birgə əməliyyat keçirdi - 61 nəfər tutuldu

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 19-dan 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Bu haqda Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin həyata keçirilməsi, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 18 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 12 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 61 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 9 avtomat silahı, 1 qumbaraatan, 5 tapança, 80 tüfəng, 31 ədəd sandıqça, 40 qumbara, 30 ədəd qumbara alışdırıcısı, 20 ədəd digər hərbi ləvazimat və sursat, 5642 ədəd müxtəlif çaplı patron aşkarlanaraq müvafiq qaydada götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub. Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib.

Ümumən, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.