Əflatun Amaşov dezinformasiya yayan saytlardan danışdı

"İnformasiyalar tirajlanır. Kifayət qədər ciddi qəbul olunan xəbər saytları prezidentin nazirlərlə təcili toplantı keçirməsi, bəzi rayonlara, şəhərlərə yeni icra başçısı təyin edilməsi haqda xəbərlər dərc edir".


Məsələylə bağlı danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, onlayn mətbuata nəzarət olmadığı üçün burada yalnız məsuliyyət jurnalistin vicdanına qalır.

Jurnalist insanlarla bağlı, onların taleləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirməlidir: "Jurnalistlər əsasən sensassiya ardınca qaçırlar. Xəbəri, məlumatı birinci verməyə çalışırlar. Çünki xəbər təsdiq olunanada deyəcəklər ki, "filan xəbər saytı hamıdan qabaq vermişdi. Onun yuxarılarda xəbər mənbələri var və daha etibarlıdır”. Bununla da özlərinə güc toplayırlar. Dünyanın hər yerində belədir. Onlayn mətbuat elə bir sahədir ki, hər kəs çalışır ki, xəbəri ilk onlar versinlər, mənbəyə çevrilsinlər”.

Dünya mətbuatında iclas keçirilib, kiminsə işdən kənarlaşdırılmasına yer verilmədiyini deyən Ə.Amaşovun sözlərinə görə, onsuz da bir neçə gündən sonra bu xəbər rəsmi şəkildə yayılır və hər kəs bu barədə məlumatlı olur.

"Bu kimi xəbərlərin təsdiqlənmədən yayılması istər-istəməz xəbər saytlarına, jurnalistikaya inamı azaldır. Hətta elə olur ki, kiçik bir yalnışlıq bütün xəbərə xələl gətirərək konfliktlərə səbəb olur”.
Onlayn mediyaya dünyanın heç bir yerində nəzarət olmadığını deyən MŞ sədri hesab edir ki, jurnalistlər balansı gözləməlidir: "Xəbər saytlarının, informasiya agentliklərinin ən böyük nizamlayıcısı, onlara təsir göstərəni onların oxuyucularıdır. Əgər onlar hər dəfə həmin saytdan dəqiq məlumat əldə edirlərsə, ona inam yaranacaq. Yox bir-iki dəfə yalnız doğru, dəqiqləşdirilməmiş informasiya oxuyursa, deməli bir də o sayta girməyəcək. Təbii ki, saytın, qəzetin oxucusu olmasa, deməli həmin mətbuatın işləməsinin də bir mənası qalmır. İstər- istəməz vicdan məsələsi gündəmdə olmalıdır. Jurnalist yazdığı hər bir yazıya vicdanla yanaşmalıdır. Operativliyi itirməməlidirlər”.