İqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı üçün subsidiya verilməsinə köməklik göstərilməsi, sahibkarlıq subyektinin mülkiyyət hüququnun qorunması, investisiya təşviqi sənədinin alınması, qeyri-neft məhsullarına ixrac təşviqinin ödənilməsi, biznes inkubator iştirakçılarına biznes ideyaların reallaşdırılması üçün maliyyə dəstəyinin göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların istixanaların yaradılması, mebel və mineral su istehsalı, fındıqçılıq, tütünçülük, heyvandarlıq, o cümlədən camışçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Ağdaşda keçirilmiş qəbulda Göyçay, Ucar və Ağdaş rayonları ilə yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.
Ümumilikdə qəbulda 50-dək vətəndaş müraciət edib.
Qəbula gələnlər göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə, eləcə də investisiyaların və ixracın stimullaşdırılması tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ş.Mustafayev qəbul çərçivəsində bölgədə fəaliyyət göstərən bir neçə müəssisənin fəaliyyəti ilə tanış olub. Həmçinin, qeyri-nef ixracının genişləndirilməsi ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.
Qeyd edək ki, qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında və "Facebook” səhifəsində yaradılmış xüsusi bölmələrdə qabaqcadan elan verilib və bu internet resursları vasitəsilə vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb.