“Bu gün tarixi Şuşa Bəyannaməsinin imzalandığı gündən iki il keçir. Bu sənədin tarixi əhəmiyyətindən danışarkən əlbəttə ki, ilk növbədə Şuşa Bəyannaməsinin Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj olduğunu qeyd etmək lazımdır. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən müddət ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Xüsusi olaraq bu məqamı da qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və bu il 100 illik yubileyini böyük qələbələrlə qeyd etdiyimiz dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini bir daha nümayiş etdirir. Qədim Azərbaycan şəhəri olan Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin xalqlarımızn birliyinin ən bariz nümayişidir.”
Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ilə bağlı AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat qeyd edib ki, Bəyannamədə Azərbaycan və Türkiyənin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edilməsi hər iki ölkənin istənilən xarici aqressiya cəhdlərinə qarşı müdafiə imkanlarını daha da artırır: “Şuşa Bəyannaməsində xüsusilə diqqət çəkən məqamlardan biri milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regioanunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Təbii ki, bu yanaşma Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da cəmiyyətə inteqrasiyası üçün əlavə imkanlar yaradır. Sadəcə, həmin vətəndaşların dövlətimiz tərəfindən yaradılmış bu imkanlardan maksimum yararlana bilmələri üçün onların davamlı olaraq erməni şovinizminin və faşizminin təmsilçiləri tərəfindən aparılan təbliğatın təsiri altına düşməmələri lazımdır. İlk növbədə həmin insanlar Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkənin qanunlarına tabe olmalı, loyallıq nümayiş etdirməlidirlər. Məhz bu halda Qarabağda yaşayan ermənilər də ölkəmizin bütün digər vətəndaşları kimi, eyni hüquq və imtiyazlardan yararlana biləcəklər və onların təhlükəsizliyi dövlətimiz tərəfindən təmin olunacaq”.
Daha sonra N.Aslanov Şuşa Bəyannaməsinin imzalanmasından sonra ölkələrimiz arasında iqtisadi münasibətlərin də yeni, daha yüksək mərhələyə daşındığını vurğulayaraq bunları deyib: “Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Əlbəttə ki, bunu şərtləndirən əsas amillərdən biri də məhz iki il bundan öncə imzalanmış Bəyannamənin həm də regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir. İkinci bir tərəfdən də Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq formatı həm də yeni iqtisadi perspektivlər ortaya çıxarır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivləri daha da genişləndirən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir və ən əsası Qarabağda Türkiyənin varlığı deməkdir. Bəyannamədə öz əksini tapmış daha bir önəmli məqam da əlbəttə ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapmasıdır. Bu gün Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə və bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Zəngəzur nəqliyyat dəhlizi beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olmaqla bütün Cənubi Qafqaz regionunun sürətli inkişafına səbəb olacaq”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.