Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etməsi artıq ənənəvi hala çevrilib. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni-humanitar sahələri əhatə edən bu tədbirlər ölkəmizin dünya miqyasında nüfuzunun və qüdrətinin göstəricisidir. Zəfər Savaşından sonra isə mötəbər tədbirlərdən bəzilərinin işğaldan azad olunmuş bölgələrdə keçirilməsi xüsusilə diqqət çəkir. Şuşada bu qəbildən olan bir neçə nüfuzlu tədbirlərin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının açılışı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş bölgələrə səfəri bu baxımdan xüsusi əhəmiyyətli nümunə sayıla bilər. Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilatçılığı ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmiz, eləcə də beynəlxalq aləm tərəfindən maraqla izlənildi. Tədbirdən əvvəl uzun müddət işğal altında qalan və düşmən tərəfindən yerlə-yeksan olunmuş qədim şəhərimiz Ağdamda bir neçə mühüm layihələrin, kəndlərin təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda çıxışı da mühüm mesajlarla yadda qaldı. Ölkəmizin başçısı qeyd etdi ki, Ağdam şəhəri 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Azərbaycanın gözəl şəhərlərindən olan Ağdamda yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Bu da səbəbsiz deyil. Onlar minarələrdən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək, müşahidə aparmaq üçün istifadə edirdilər. Prezident azad olunan ərazilərdə ümumilikdə 67 məsciddən 65-nin tamamilə dağıldığını, müqəddəs məbədlərimizin təhqir olunmasına dair foto və video sübutların olduğunu diqqətə çatdırdı.
Prezident bu dəhşətli talançılıq siyasətinin təkcə Ağdamda deyil, Cəbrayıl, Qubadlı, Zəngilan və digər şəhər, rayonlarda düşmən tərəfindən aparıldığını, Ermənistan dövləti beynəlxalq hüquqa məhəl qoymayaraq müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürütdüyünü əhatəli şəkildə bildirdi. ATƏT-in mandatı altında fəaliyyət göstərən keçmiş Minsk qrupu işğal olunmuş ərazilərə dəfələrlə səfərlər ediblər, bu dəhşətli mənzərən görsələr də, lakin heç bir iş görməyiblər. Ağdamı "Qafqazın Xirosiması” adlandıran ölkəmizin başçısının müqayisəsi də olduqca uğurlu alındı. Xirosimadan fərqli olaraq Ağdam atom bombasının partlaması nəticəsində dağılmayıb. Bu tarixi Azərbaycan şəhəri nüvə silahından da zərərli və zəhərli terroru, talançılığı, qəsbkarlığı, barbarlığı özünə ideloji xətt seçmiş Ermənistanın hərbi müdaxiləsi nəticəsində viran olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz güc yolu ilə, beynəlxalq hüquq normalarından istifadə edərək azad etdiyimiz bu doğma şəhərə əbədi yaşamaq üçün geri qayıtdıq!
44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı bir tədbirin Ağdamda keçirilməsi ölkəmiz üçün müstəsna əhəmiyyətə malik bir hadisədir və bu fakt Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərin inkişafını prioritet məsələ kimi diqqətdə saxladığının daha bir göstəricisidir. Heç şübhəsiz Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq. Bu əməkdaşlıq işğaldan azad olunmuş bölgələrdə salınan yeni yaşayış məntəqələri üçün də böyük önəm kəsb edir. Onu da bildirək ki, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi etmək niyyətini qurumun bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışında ifadə etdirən Prezident İlham Əliyev bütün hədəfləri kimi bu təşəbbüsü də həyata keçirdi. Azərbaycan liderinin bu tədbirə belə önəm verməsi də təsadüfi deyil. Forum müasir şəhərsalma standartlarının öyrənilməsi və şəhər ərazilərində böhranların aradan qaldırılması ilə bağlı ciddi beynəlxalq platforma rolunu oynayır. Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünü təmin edən İlham Əliyev həm də ölkəmizi inkişaf etmiş dövlətlər sırasına çıxarmağı hədəfləyən lider olaraq heyrətamiz fəaliyyəti ilə tarix yazmaqda davam edir.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı