Blinken İlham Əliyev və Paşinyana zəng etdi

Noyabrın 27-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlayıb. 

Məlumata görə, telefon danışığı zamanı dövlət katibi Entoni Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini müzakirə edib. O, Azərbaycan liderinin Ermənistanla uzunmüddətli və layiqli sülh sazişi bağlamaq öhdəliyini alqışlayıb: "Dövlət katibi bu uzunmüddətli münaqişənin həm azərbaycanlılara, həm də ermənilərə gətirdiyi bütün iztirabları etiraf edir və sülhün regionda hər kəsə gətirəcəyi faydaları vurğulayır. Dövlət katibi Azərbaycanla möhkəm münasibətlərini müzakirə edib, münasibətlərdə son dövrlərin narahatedici müddəalarını diqqətə çatdırıb, həmçinin əməkdaşlığın, xüsusən də sülh prosesi ətrafında gücləndirilməsi imkanlarından və yüksək səviyyəli əməkdaşlığın vacibliyindən danışıb". 

Həmçinin Blinken Ermənistanın baş naziri Nikol Paşinyana da zəng edib. 

"Dövlət katibi ABŞ-nin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib və Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini vurğulayıb", - deyə bəyanatda bildirilib.