Xəbər verdiyimiz kimi, dünən məşhur azərbaycanlı "qanuni oğru” Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.Modern.az Rusdiya KİV-nə istinadən xəbər verir ki, "Lotu Quli" dünən səhər 9:00 radələrində həbsdən çıxarılıb. Onu həbsxananın önündə anası, həyat yoldaşı, 2 uşağı və çoxsaylı tərəfdarlarının qarşıladığı bildirilir.
Məlumata görə, Nadir Səlifov həmin gün Gürcüstan paytaxtı Tbilisiyə gedib. O, ilk növbədə atasının və bir neçə həftə öncə sui-qəsd nəticəsində öldürülən "Sağ əli" Elşən Məmmədovun qəbrini ziyarət edib.
"Lotu Quli"nin İstanbula köçəcəyi gözlənilir.
Rusiyalı kriminalistika ekspertləri "Lotu Quli"nin azadlığa çıxması ilə "oğru dünyası”da önəmli dəyişikliklərin olacağını güman edirlər.
"Şakro Molodoy”un edə bilmədiyi dəyişikliyin Nadir Səlifov tərəfindən edə biləcəyi ehtimal olunur. Belə ki, həbsxanada olmasına baxmayaraq, "Lotu Quli" "oğru dünyası”na təsirini qoruyurdu. O, həmçinin, Tariel Oniani və Aslan Usoyanın ("Ded Xasan") klan savaşında iştirak etməyərək, "oğru” avtoritetini qoruyub saxlaya bilmişdi.
Rusiyalı ekspertlər "oğru”ların Lotu Quli ilə dostluğa meyl etdiyini yazır. Onların fikrincə, Rövşən Lənkəranski və "Ded Xasan"la düşmənçilik edən Səlifovun həbsxanadan çıxmadan onlara qalib gəlməsi azərbaycanlı "qanuni oğru”nun gücünü nümayiş etdirir.
"Lotu Quli"nin yeganə düşmənçilik etdiyi şəxsin Rafiq Massalinski olduğu bildirilir.