Ölkəmizdə bankların sayı 20-dək azala bilər - PROQNOZ

"Bank Standard” bağlanacaq sonuncu bank deyil. Bu bankı devalvasiyasadan sonra bağlanan 13-cü bank da saymaq olar. Ümumiyyətlə götürdükdə banklarımızın 29 faizi devalvasiyanın "qurbanı" olub. Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək”. sabahinfo.az saytı xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.

S.Əliyev bildirir ki, hər bir halda bəzi banklar Palatadan "qara kağız" almalı olacaqlar: "Nəhayət ki, "ölü bank”a süni nəfəs verməyin mənasızlığını qəbul edib "Bank Standard”ı bağladılar. Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar. Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara və yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir”.