Böyük Qayıdış azad edilmiş ərazilərimizin turizm potensialını özünə qaytaracaq

30 illik savaşın ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında müharibə başladı. 44 gün ərzində Azərbaycan Ordusu quldur ermənilərə qalib gəldi. İşğal altında olan torpaqlarımız azad olundu və ərazi bütövlüyümüzü yenidən bərba etdik. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun təkcə yaşayış məskənləri kimi deyil, turistik bölgə kimi yenidən qurulmasına imkan verdi. Böyük Qayıdış konsepsiyası həmçinin azad olunan bölgələrimizin turizm imkanlarının bərpa edilməsini və inkişafını nəzərdə tutur.

Azərbaycanın turizm baxımdan çox gözəl, mənzərəli bölgələri, rayonları olsa da, onların sayı o qədər də çox deyil. Respublikamızda meşə örtüyünün sahəsinin azlığı, aran bölgəsinin böyük sahələri əhatə etməsi, eyni zamanda əkin sahələrinin genişliyi, digər kənd təsərrüfatı obyektlərinin sayının artması və s. problemlər turizm üçün o qədər də arzuolunan fəaliyyətlər sayılmır. Ən böyük problem isə meşə örtüyü, şirin bulaqlar, füsünkar mənzərələri ilə zəngin olan Qarabağ və Şərqi Zəngəzur bölgələrimizin 30 ilə yaxın işğal altında qalmasıydı. Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. Ölkəmizdə ilk insan məskəni də bura təsadüf edib. Azıx mağarasında qədim insanın qalıqları tapılması buna misaldır. 30 ilə yaxın işğal nəticəsində bu ərazilərdə bütün sərvətlərimiz istismar olundu, talandı. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr məhv edildi. Qiymətli tarixi əşyalar oğurlandı. Bir vaxtlar Azərbaycanın ən görməli, gəzməli yerləri sayılan bu ərazilər xarabaxanaya çevrildi. Bütün bu dağıntılara, maddi və mənəvi ziyana baxmayaraq bu gün Qarabağımız yenidən qurulur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada Vaqifin məqbərəsi, büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evi bərpa olundu. Bülbülün ev muzeyinin açılışı oldu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin — Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olundu. Şuşada "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Qarabağda 3 hava limanı tikildi.

Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlər bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan həyata keçirəcəklər.

Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda "dark" — yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur.

Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək.

Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı hələ sovet dövründə insanların ən çox üz tutduğu məkanlar idi. Kəlbəcərin İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunurdu. Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına imkan verir. Burada gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür.

“Qafqaz Albaniyası turizm marşrutu” olduqca cəlbedici layihədir. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini — Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Alban mədəniyyətinin izləri Qarabağda və Şərqi Zəngəzurda daha çoxdur. Burada Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, adət-ənənələr daxildir.

Hazırda Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Təkcə Qurban bayramı ərəfəsində 20 min insan Şuşa və Laçın şəhərinə səyahət ediblər. Onlarında yarıdan çoxu isə həmin ərazilərdəki otellərdə qalıblar. Gələcəkdə işğaldan azad edilmiş ərazilərə gedən turistlərin sayı artacaq. Həm daxili turizmin inkişafı, həm də xaricdən gələn qonaqların yerləşdirilməsi, səyahətlərinin təşkil edilməsi üçün Qarabağın böyük potensialı vardır.

Qarabağ və Şərqi Zəngəzura səfərlərin asanlaşdırılması, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin yüksək səviyyədə qorunması imkan verir ki, bu bölgələrə daha çox insan səfər etsin. Məskunlaşma davam etdikcə turistlərin də sayında artım müşahidə olunacaq. Məskunlaşmanın birinci mərhələsi 2026-cı ilə qədərdir. 2026-cı ilə kimi 140 min vətəndaşımızın, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması gözlənilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində işlər daha sürətli aparılır və keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına daha tez qayıtması təmin edilir. Biz gələn ildə kütləvi şəkildə məskunlaşmanın həyata keçiriləcəyinin şahidi olacağıq.

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.