Böyük Qayıdışa BMT də cəlb edildi – Mühüm

İşğaldan azad edilən ərazilərimizə Böyük Qayıdış onsuz da baş tutacaq. Bu prosesin beynəlxalq təşkilatlar və beynəlxalq hüququn normaları ilə aparılması gözlənilirdi. Bu mənada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bu istiqamətdə əldə edilən razılıq çox mühümdür.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı əldə edilən razılığı şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi 1992-ci ilin dekabr ayından fəaliyyət göstərir:

“Azərbaycan Respublikası 2012-ci ildən BMT QAK-ın İcraiyyə Komitəsinin üzvüdür. Təşkilatın xətti ilə təxminən 112 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir. Təbii ki, 44 günlük müharibə sonrası torpaqların işğaldan azad edilməsi ölkə başçısının daha öncədən elan etdiyi Böyük Qayıdış planının başlamasına səbəb oldu. Bu gün Qarabağda bərpa prosesi sürətlə davam edir və tədricən qaçqınların öz torpaqlarına qayıdışı da gerçəkləşəcək. BMT QAK fəaliyyətə başladığı ilk illərdən etibarən qaçqın və məcburi köçkünlər üçün sığınacaq, əsas ehtiyacların ödənilməsi (ərzaq, qeyri-ərzaq yardımı, su təchizatı, sanitariya və s.), təhsil, səhiyyə və s. layihələr həyata keçirmişdir. Bu gün isə əldə edilən razılıqla artıq daha böyük işlərin görüləcəyi mesajı verildi”.