"Qəbələ” 2015/16 mövsümündə Avropa Liqasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar” ardıcıl olmaqla, tarixində 2-ci dəfə qitəmiqyaslı turnirdə Azərbaycanı təmsil edəcək.
Roman Qriqorçukun yetirmələri Avrokubok iştirakçıları arasında yerini Topaz Premyer Liqasının XXXII turunun ilk oyun günündə təmin edib. Buna "Simurq”un öz meydanında "İnter”ə 2:3 hesabı ilə uduzması səbəb olub. Xal itkisi meydan sahiblərinin ilk "dördlük”də yer alan klublara çatmayacağını rəsmiləşdirib. "Qarabağ”, "İnter”, "Neftçi” və "Qəbələ” Premyer Liqanın ilk 4 pilləsində yer alaraq, qitə kuboklarında ölkəmizi təmsil edəcəklər.
Ölkə kubokunun finalında da ("Qarabağ” – "Neftçi”) "dördlük”də yer alan klublar üz-üzə gələcəyindən, digər komandalar avrokubok mübarizəsinə qoşulmayacaq.
Beləliklə, son 8 çempionat oyununda 8 qələbə qazanıb, xal hesabını 46-ya çatdıran "Qəbələ” ötən il olduğu kimi, yenə mövsüm basa çatmamış Avropa Liqasına vəsiqəni təmin edib.
Həmin vaxt qitəmiqyaslı turnirin I təsnifat mərhələsində oynamaq hüququ qazanan "qırmızı-qaralar” Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubu ilə qarşılaşmada debüt etmişdi. İyulun 3-də Qəbələdə 0:2, bir həftə sonra səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız mərhələ adlaya bilməmişdi.