Bu gün Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib  

 Bildiyiniz kimi, mayın 17-dən 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.

Belə ki, Bakıda keçirilən bu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunur, 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçdiyi forum son illərin ən böyük beynəlxalq tədbirlərindən birinə çevirib. Bu, COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bəli, Bakı artıq qlobal siyasi, iqtisadi və humanitar müzakirələrin keçirildiyi mühüm mərkəz statusu qazanıb.

Onu da qeyd edim ki, cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Eyni zamanda, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi Azərbaycanın postmünaqişə dövründə şəhərsalma siyasətinə xüsusi önəm verdiyini təsdiqləyir. Xüsusən də Azərbaycanın əldə etdiyi zəfərdən sonra regionda yeni düzən formalaşıb. Bu düzən kontekstində də belə forumların təşkil edilməsi Azərbaycanın mövcud potensialına strateji mövqeyinin təqdim edilməsi baxımından önəmlidir. Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır.

          Forumda Prezident cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının mahiyyətini, milli-mənəvi dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcəyə hesablanmış dövlət baxışını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu çıxış yalnız şəhərsalma məsələlərinə dair siyasi mövqe kimi yox, eyni zamanda Azərbaycanın müasir dövlət fəlsəfəsinin təqdimatı kimi böyük əhəmiyyət daşıyır. Ölkə rəhbərinin çıxışında çox aydın diktə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır.  Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.

Bu gün Bakı qədim tarixlə müasirliyin harmoniyasını özündə birləşdirən nadir dünya şəhərlərindən biridir. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan İçərişəhər, digər tərəfdə isə müasir memarlıq nümunələri, innovativ urbanizasiya layihələri və dayanıqlı şəhər mühiti Azərbaycanın inkişaf modelinin necə balanslı şəkildə qurulduğunu nümayiş etdirir. Tarixi irsin qorunması ilə müasir infrastrukturun paralel inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla həyata keçirilir. Bu yanaşma yalnız memarlıq baxımından yox, həm də milli kimliyin və mədəni yaddaşın qorunması baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə şəhərsalma sahəsində regionun aparıcı ölkəsinə çevrilib. Ölkəmiz artıq yalnız öz daxilində quruculuq prosesləri həyata keçirən dövlət kimi yox, beynəlxalq şəhərsalma platformalarında təşəbbüslərlə çıxış edən, qlobal urbanizasiya çağırışlarına töhfə verən etibarlı tərəfdaş kimi qəbul olunur.

Forum çərçivəsində Azərbaycanın qədim şəhərlərinin tarixi-mədəni irsi və memarlıq ənənələrinin xüsusi vurğulanması da böyük qürur hissi doğurur. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və xüsusilə Şuşa kimi şəhərlərimiz əsrlər boyu formalaşmış yüksək memarlıq məktəbinin, zəngin mədəni irsin və milli dövlətçilik tariximizin canlı nümunələridir. Bu şəhərlərin qorunması və gələcək nəsillərə çatdırılması milli irsə verilən dəyərin göstəricisidir.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri isə dünya şəhərsalma tarixində xüsusi əhəmiyyətə malik nümunələr sırasında yer alır. Qısa zaman ərzində inşa olunan yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri Azərbaycanın güclü siyasi iradəsini və dövlət potensialını açıq şəkildə nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu layihələr yalnız quruculuq prosesi yox, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və vətəndaş həmrəyliyinin təcəssümüdür.

Onu da qeyd etmək istəyirəm ki, rəhbəri olduğum “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi “Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” İctimai Birliyi ilə birlikdə tərəfimizdən “Bakı Şəhərsalma Həftəsi”nin üçüncü günündə “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbir keçirldi. Tədbirdə çıxış edərək, şəhərlərdə inklüziv inkişafın təşviqi, vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunun gücləndirilməsi, eləcə də müxtəlif sosial qrupların qərarvermə prosesində iştirakının vacibliyini diqqətə çatdırdım. Ümumilikdə hesab edirəm ki, Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.

 

İradə Rizazadə, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, forum iştirakçısı