Prezident İlham Əliyev: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub”
Davamlı urbanizasiya,
tarixi irsin qorunması, ekoloji tarazlığın saxlanılması və müasir
texnologiyaların şəhər idarəçiliyinə tətbiqi bu gün qlobal gündəliyin ən aktual
mövzuları sırasında yer alır. Məhz belə bir dövrdə Azərbaycanın paytaxtı Bakı şəhərinin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi ölkəmizin
beynəlxalq aləmdə artan rolunun və nüfuzunun növbəti mühüm göstəricisi kimi
qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin
qatıldığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın qlobal
platformalarda artan rolunu bir daha nümayiş etdirdi. Forumun açılış mərasimində
çıxış edən İlham Əliyev tədbirin miqyası və əhəmiyyəti barədə mühüm mesajlar
verdi. Prezident İlham Əliyev qeyd etdi ki, forumda 182 ölkədən 45 mindən artıq
iştirakçı qeydiyyatdan keçib. Bu rəqəm Ümumdünya Şəhərsalma Forumunun tarixində
rekord göstəricilərdən biri hesab olunur. Dövlət başçısı vurğuladı ki, bu tədbir
miqyasına görə Azərbaycanda ilyarım əvvəl keçirilmiş COP29 beynəlxalq iqlim
konfransından sonra ölkədə təşkil edilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu
fakt Azərbaycanın artıq beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən
birinə çevrildiyini göstərir. Son illərdə Bakı həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq,
həm də qlobal inkişaf məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma kimi
diqqət çəkir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə ölkənin
urbanizasiya, müasir şəhərsalma və dayanıqlı inkişaf sahəsində qazandığı
uğurların beynəlxalq səviyyədə tanındığını sübut edir.
Prezident
İlham Əliyev çıxışında forumun yalnız nəzəri müzakirələr üçün deyil, həm də Azərbaycanın
əldə etdiyi real nailiyyətlərin nümayişi baxımından mühüm əhəmiyyət daşıdığını
bildirdi. Dövlət başçısı qeyd etdi ki, forum günlərində ölkəyə ilk dəfə gələn
çoxsaylı qonaqlar Bakını və Azərbaycanın digər bölgələrində həyata keçirilən
genişmiqyaslı quruculuq işlərini yaxından görmək imkanı əldə edəcəklər.
Son
illər Bakı şəhəri böyük inkişaf yolu keçib. Müasir memarlıq nümunələri, geniş
prospektlər, parklar, nəqliyyat infrastrukturu və “ağıllı şəhər” konsepsiyasına
uyğun layihələr paytaxtın simasını tamamilə dəyişib. Xüsusilə şəhərin ekoloji
tarazlığının qorunması, yaşıl zonaların artırılması və ictimai məkanların
genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlərin
diqqətini cəlb edir.
Forum
çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, iqlim dəyişiklikləri,
əhali artımı, rəqəmsal texnologiyaların şəhər idarəçiliyinə inteqrasiyası və
sosial inklüzivlik kimi mühüm məsələlər müzakirə olunur. Müasir dünyada şəhərləşmə
prosesinin sürətlənməsi bu mövzuların aktuallığını daha da artırır. BMT məlumatlarına
görə, yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq və
bu, şəhər idarəçiliyində yeni yanaşmalar tələb edəcək.
Azərbaycan
da bu çağırışlara uyğun olaraq şəhərsalma siyasətini müasir standartlara əsasən
qurur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri
bunun ən parlaq nümunəsidir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında
qurulan yaşayış məntəqələri regionda innovativ yanaşmanın nümunəsi kimi təqdim
olunur. Bu layihələrdə yaşıl enerji, rəqəmsal idarəetmə və ekoloji dayanıqlılıq
əsas prioritetlərdən hesab edilir.
Forumun
Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir.
Dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər, memarlar, şəhərsalma
mütəxəssisləri və beynəlxalq təşkilat nümayəndələri bir araya gələrək qlobal
problemlərin həlli yollarını müzakirə edirlər. Bu isə Azərbaycanın beynəlxalq əməkdaşlıq
və qlobal dialoq üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Prezident
İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də tədbirin nəticələrinin
uğurlu olacağına dair inam idi. Dövlət başçısı ümid etdiyini bildirdi ki,
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29 qədər uğurlu nəticələr verəcək.
Bu fikir Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi önəmi və qlobal problemlərin
həllinə töhfə vermək istəyini əks etdirir.
Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya
arasında yerləşən nadir ölkələrdən biridir. Əsrlər boyu müxtəlif
sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycan yalnız strateji mövqeyi ilə
deyil, həm də zəngin mədəniyyəti, memarlığı və şəhərsalma ənənələri ilə
seçilib. Bu xüsusiyyətlər xüsusilə paytaxt Bakı şəhərinin simasında daha aydın
görünür. Burada qədim Şərq memarlığı ilə müasir Qərb urbanizasiya modeli
harmonik şəkildə birləşir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə
vurğulayıb ki, Azərbaycanın inkişaf modeli tarixi irsin qorunması ilə
müasirliyin düzgün uzlaşdırılması prinsipinə əsaslanır. Bu yanaşma xüsusilə
Bakının memarlıq görünüşündə özünü açıq şəkildə göstərir. Şəhərin qədim hissəsi
olan İçərişəhər əsrlərin yaddaşını yaşadırsa, onun ətrafında ucalan müasir
binalar Azərbaycanın inkişaf edən dövlət olduğunu nümayiş etdirir.
Bakının ən qədim yaşayış məkanı olan İçərişəhər
Azərbaycanın milli-mədəni irsinin əsas simvollarından biridir. UNESCO-nun Dünya
İrs Siyahısına daxil edilən bu qədim şəhər hissəsi orta əsr Şərq memarlığının
nadir nümunələrini qoruyub saxlayır. Dar küçələr, daş döşəmələr, qədim
karvansaralar və müdafiə divarları burada qədim Bakının ruhunu yaşadır. Qız
Qalası və Şirvanşahlar Sarayı kimi memarlıq abidələri Azərbaycanın zəngin
tarixindən xəbər verir. İçərişəhərdə gəzən insan sanki əsrlər əvvələ səyahət
edir. Burada qorunan memarlıq nümunələri Azərbaycan xalqının yüksək sənətkarlıq
ənənələrinin və estetik zövqünün göstəricisidir. Lakin Bakının özəlliyi yalnız
qədim tarixində deyil. İçərişəhərin dar küçələrindən çıxıb bir neçə addım irəlilədikdə
insan tamamilə fərqli bir mənzərə ilə qarşılaşır. Müasir göydələnlər, geniş
prospektlər, innovativ memarlıq nümunələri və yeni urbanistik layihələr Bakının
dinamik inkişafını nümayiş etdirir.
Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız
region üçün deyil, daha geniş coğrafiya üçün də maraqlı inkişaf modeli təqdim
edir. Tarixi irsin qorunması ilə müasir urbanizasiyanın balanslaşdırılması ölkənin
davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma
sahəsində mühüm beynəlxalq tədbir deyil, həm də Azərbaycanın inkişaf modelinin,
müasir urbanizasiya siyasətinin və beynəlxalq nüfuzunun nümayişidir. Forum çərçivəsində
aparılan müzakirələrin gələcəkdə daha dayanıqlı, təhlükəsiz və müasir şəhərlərin
formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.
Nurullayeva
Zenfira İslam qızı
Qara
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor
ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi