Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

Fərmayılov Anar Hümbət oğlu
ADPU-nun İncəsənət və fiziki tərbiyyə fakültəsinin
dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin inkişaf modelini dünyaya nümunə göstərdi. Ölkəmizin bütün sahələrinə dövlət dəstəyi əhatəli şəkildə hiss olunur, o cümlədən, gənclər siyasəti və idman sahəsində.Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Beynəlxalq idman qurumları Azərbaycana çox böyük ehtiramla yanaşırlar. Avropa vəİslam Həmrəyliyi Oyunlarının, eləcə də digər nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsi bunun təsdiqidir. Göstərilən etimadı doğruldan respublikamız adları çəkilən yarışları yüksək və nümunə olacaq səviyyədə təşkil edərək idmana, sağlam həyata bağlı bir ölkə olduğunu ortaya qoydu.

Bir neçə gün öncə Bolqarıstanda gerçəkləşən Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi layiqli şəkildə təmsil edərək böyük uğur qazanmaları bunun təsdiqidir. Qeyd olunan tədbirdə gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerə layiq görüldü. Bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşıladılar.

Martın 17-də Dövlət başçısı İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən məzmunlu nitqi xalqımız və respublikamızın idman ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Azərbaycan idmanında güləşin xüsusi yerə və önəmə malik oldugunu qeyd edən dövlət başçısı ölkəmizin daim bu sahədə ön sıralarda olduğunu qeyd etdi: “Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.

Şübhəsiz ki, güləş ənənələrinə sadiq, onu layiqincə, təcrübəli şəkildə nəsildən- nəslə ötürə bilən gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahə Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ona görə də ölkəmizdə idmanın kütləviliyini təmin etmək, bölgələrdə inkişafını diqqətdə saxlamaq qarşıya əsas vəzifə kimi qoyulub. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır. Hazırda bu istiqamətdə layihələr üzərində iş aparılır.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Bu barədə danışan ölkə başçımız çıxışında bildirmişdir: "Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar".

Beləliklə, hazırda qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı olaraq zəfər bizimlədir.