Bu qardaşlıq tarixin cığırdaşıdır!..

Qardaş Türkiyə ilə Azərbaycan bütün dövrlərdə biri digərinin haqq mübarizəsinin iştirakçısı olub. Türkiyənin İstiqlal savaşında minlərlə azərbaycanlı da Osmanlı Türkiyəsinin döyüşlərinin, ötən əsrin əvvəllərində Türkiyə Azərbaycanın azadlıq mübarizəsinin qələbəsinin iştirakçısı oldu, Bakının azad edilməsi Qafqaz İslam Ordusunun adı ilə bağlıdır. Bu qardaşlıq İkinci Qarabağ müharibəsində də təsdiqləndi.

Azərbaycan Ordusu mahiyyəti baxımından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, ərazilərimiz işğaldan azad edildi. 8 Noyabr Zəfər Günü kimi tarixləşdi. Bu müharibə Azərbaycanın ədalətli müharibəsi idi. Türkiyə bu müharibədə də Azərbaycana hərtərəfli yardım göstərdi.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər bu iki qardaş dövlətin hərbi əməkdaşlığının yeni mərhələsi oldu. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu Bəyannamə iki tarixi şəxsiyyətin, bu iki qardaş dövlətin mənəvi birliyinin ifadəsi olan kəlamlarının Bəyannaməsi kimi tarixləşdi. Bu tarixi sənəd Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamından da, Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamından da qaynaqlanır. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər də Şuşanın adı ilə bağlıdır, hərbi əməkdaşlığın yeni mərhələsi olan bu Bəyannamə də. Bəyannamə həm də dünyəvi mahiyyətli sənəddir, dünyaya strateji mesajdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması əcdadlarımıza sadiqliyin təzahürüdür.

Şuşa Bəyannaməsi hərbi müttəfiqlik sənədi olmaq etibarilə Türkiyə ilə Azərbaycanın bir-birinin ərazi bütövlüyünə təhdidlər yaranarsa, ərazilərinə təcavüz edilərsə bir-birini qoruma öhdəliyidir: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı demişdi: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik".
Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan bu sənəd tarixin mahiyyətini təkrarlayan, tarixi yaşadan Bəyannamə oldu. Qars müqaviləsi Azrərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə Türkiyə olmaqla Qarsda RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 14-də bağlanmışdı. O müqavilə də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair siyasi sənəd idi.

Şuşa Bəyannaməsi hüquqi sənəddir. Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin daha da genişlənəcəyinin, əməkdaşlığın bütün sahələrini əhatə edəcəyinin zəmanəti kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması mərasimində çıxışında Bəyannamənin qaynaqlandığı tarixi gerçəklikləri də xatırlatdı, zaman anlamında sabahkı gerçəkliklərin də işığını göstərdi: “Biz bir daha göstərdik ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması mərasimində çıxışında dedi ki, “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza davam edəcəyik”.

Şuşa Bəyannaməsi Azərbaycan Ordusunun Türkiyə modeli əsasında formalaşacağını da bildirir ki, bu da Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının mahiyyətinin çalarlarının da sənədi kimi tarixləşib...
Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı ayrıca müddəa da var. Bu müddəada həm Azərbaycanın, həm də Türkiyənin xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi də, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti də qeyd olunub.

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirildi. Bu konfrans iki dövlət arasında hərbi əməkdaşlığın gələcək konturlarını bir daha göstərdi...

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında qardaşlıq sənədidir və bu sənəd tarixə tarixi mesajdır: bu qardaşlıq tarixin cığırdaşıdır!..

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı