Bu səfər dostluq münasibətlərinin ifadəsidir

Qonşuluq müəyyən normalarla tənzimlənir. Bu proses qarşılıqlı ehtirama, qarşılıqlı inama əsaslanır. Qonşu dövlət bəşəri, dünyəvi dövlət deyilsə, işğala meyillidirsə, mövcud normalar pozulur, qarşılıqlı ehtiram qarşıdurmaya, bəzən müharibəyə səbəb olur. Bu baxımdan Azərbaycanın qonşularından biri – Ermənistan Azərbaycanın ərazilərinin bir hissəsini öz ərazisinə birləşdirmək istədi. Bu səbəbdən elan edilməyən müharibə başladı, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi, bu işğal 30 il çəkdi. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində işğalı sonlandırdı, lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü də tamamladı, bu müharibəyə səbəb olmuş qondarma Dağlıq Qarabağ Respublikasının rəsmən buraxılmasına da nail olundu.

Gürcüstanla tarixən mehriban qonşuluq şəraitində yaşanılıb. Bu qonşuluq həmişə ehtiramla davam etdirilib – bu münasibətlər bir-birinin ərazi bütövlüyünə, mədəniyyətinə, incəsənətinə, milli mentalitetinə hörmətlə yaşadılıb...

Azərbaycanla Gürcüstan arasında dostluq münasibətləri həm də bu iki respublikanın liderlərinin dostluğunun, onların dostluğu bu iki respublikanın dost münasibətlərinin zəmanəti olub. Oktyabrın 8-də Tbilisidə işgüzar səfərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır”.

Bu səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə keçirilməsi kimi yeni bir ənənə yaradıb. Dünya ictimaiyyəti bu səfərlərin həm də mənəvi bağlılığın nəticəsi kimi qəbul edəcəkdir.

Hər görüş bu və ya digər məsələyə dair müəyyən informasiya da verir, ona aydınlıq da gətirir, gələcək perspektivlərin konturlarını da müəyyənləşdirir. SSRİ dağıldıqdan sonra bu və ya digər respublikada müəyyən səbəblərdən ərazi problemi yarandı, əslində, bu problem yaradıldı. Eyni mahiyyətli problemlərin həlli istiqamətində müəyyən fəaliyyətlər olub. Azərbaycan bu problemi ordusunun gücü, qüdrəti ilə həll etdi. Bu baxımdan Azərbaycanın mövqeyi dəyişməz olaraq qalacaqdır. Azərbaycan Respublikasının Prezidenti bu mətləbi belə ifadə etdi: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır, “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s”, “Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi”.

Tbilisidə işgüzar səfərdə iki dövlət arasında münasibətlərin tərkib hissəsi kimi iqtisadi münasibətlərə də toxunulub. Bu, müstəqilliyin ilk vaxtlarından üzü bu yana daha da inkişaf etdirilən iqtisadi siyasətin uğurlarındandır. Cənab İlham Əliyev bu uğurların davamlı olacağını əminliklə bildirdi. Bu əminlik qarşılıqlı etimadın əminliyidir, bir-birinin daxili və xarici siyasətinə ehtiramın əminliyidir, ərazi bütövlüyünün toxunulmazlığına etibarın əminliyidir: “Əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”.

Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də, 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyada (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Bu, Gürcüstana siyasi münasibətin ifadəsi kimi tarixləşib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisidə işgüzar səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdirilməsində əhəmiyyətli olacaq. Tarixi əsaslara söykəndiyinə görə, dostluq münasibətlərinin ifadəsi olduğuna görə...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı