"Belə halı "TikTok" və yaxud digər sosial şəbəkəni məhdudlaşdırmaqla həll etmək mümkün deyil. Məktəb elə vərdişlər aşılamalıdır ki, uşaqlar yaxşı istiqamətə yönəlsinlər".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı deyib. Deputat bildirib ki, bütün dövrlərdə mənfi aludəçiliyə meyilli uşaqların sayı kifayət qədər olur:
"Eyni zamanda, oxuyan, məsuliyyətli uşaqların da sayı az olmur. Məktəb mühiti uşağı tərbiyə etməyə imkan verən mühit deyil. Bunu yaratmalıyıq. Sosial şəbəkədə hansısa arzulamadığımız tendensiyalar olacaq. Amma hazırlıqlı uşaqlar bu tendensiyaların qarşısında əzilmirlər və onun aludəçisinə çevrilmirlər. Biz daha çox həyata, dəyərlərə, müsbət istiqamətə yönələn gəncliyi formalaşdırmalıyıq. Gənclik müəyyən dərəcədə həyatı yetkinliyə çatmamış, özünü təsdiq etməyə çalışan və bunu da bir çox hallarda bayağı addımlarla etməyə çalışan xarakterə sahibdir. Bu istənilən gəncliyə xarakterik məsələdir. Müsbət dəyərlər üzərində həyatını qurmağa çalışan insanları onlara nümunə olaraq təqdim etməliyik. Bunu edə bilmədiyimiz üçün həm cəmiyyətdən, həm məktəbdən, həm də evdən bir çox hallarda müsbət impulslar ala bilmirlər. Nəticədə bayağı bir mühitə yuvarlanmaq olur".