“Butkaları bağladıq, taksiləri ləğv etdik, camaat ac qaldı” - Tahir Kərimli

“Biz hamımız insanlarla görüşlər keçirib, tez də qayıdırıq. Niyə? Çünki özümüzü qoruyuruq”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

“Amma cənab Prezidentin arzusu bizim xalqla təmasda olmağımızdır. Niyə bəs biz onlardan qaçırıq?!” deyən T.Kərimli öz sualını özü cavablandırıb: “Çünki bizim içimizdə yaxşılıq hissi də var, qorxuruq ki, o hiss oyanar. Bir çoxlarımız o şəraitdə vaxtilə yaşamışıq. Biz özümüzü indi ondan qoruyuruq. Bəs bizim xalqımız?! Orta pillə əhali üçün biz nə edirik?! Orta əhali boşdur. Kasıb və varlı əhali olmalıdır. Bəs orta boşdur, axı”.

O, bizim xalqın yaxşı yaşamağını istədiyini deyib: “Bəs bunun üçün nə edirik?! Şəhid ailələri, qazilər üçün xüsusi komitə yaradılmalıdır”.

Milli Məclisin sədri Sahibə Qafarova buna etiraz edib: “Deputat xalqdan qaçır?! Kim qaçır?!” Deputat Tahir Kərimli isə cavab olaraq bildirib ki, o, özünü deyir: “Qaçanlarımız var. Məmurlardan da, deputatlardan da. Mən Ağsu dolaylarından 10-cu dəfədir çıxış edirəm. Hər dəfə deyirlər gələn il, gələn il. Bəs nə vaxt olacaq bu? Camaata yardım lazımdır. Burada deyilən məsələlər xalqımızın dərdidir. Hər birimiz öz işimizə vicdanla yanaşsaq, onda dövlətimiz də irəli gedər. Biz xalqımıza, prezidentimizə layiq olmalıyıq. Olmur ki, biz ancaq özümüzə şərait yaradaq, camaat acınacaqlı yaşasın. Kim istəməz ki, innovasiya ilə ölkə inkişaf etməsin?! Hamı istəyər. Amma biz eləmədik də, eləmədik. Butkaları bağladıq, taksiləri ləğv etdik. Camaat ac qaldı, işsiz qaldı. Camaata imkan yaradılsın ki, onlar xırda təsərrüfatla məşğul olsun, büdcəyə də gəlir gəlsin”.

Spiker Sahibə Qafarova isə yenə Tahir Kərimliyə etiraz edib: "Mən istəyərdim ki, siz partiya sədri kimi büdcə haqqında daha yaxşı danışasınız, Xankəndinin büdcəsi haqqında fikir bildirəsiniz. Daha dəyərli fikirlər ortaya qoyasınız”./bakivaxtı.az