"Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlərin tərkib hissəsindən biri də havaya atılan tullantıların azaldılması və normalara cavab verməsidir. Bu məqsədlə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb".
BakuPost-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.
"Lakin bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı nazirliyə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.
Bunlar "Real”, "Golden Ring”, "Sonalar Sonası”, "Milord”, "Həyat”, "Cənnət”, "Flaminqo”, "Qızıl Buta”, "Madonna”, "Afrodita”, "Oazis”, "Qızıl Tac”, "Gold Palace”, "Niel”, "İdeal”, "Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.
Nazirlik rəsmisi onu da bildirib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir: "Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.