“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin icrasına başlayıb. Layihənin məqsədi milli-mənəvi dəyərlərin inkişafı məqsədi ilə xalqımızın, xüsusilə də gənc nəslin maariflənməsi, Azərbaycanın tanınmış klassik ədəbiyyat xadimlərinin bədii irsinin öyrənilməsi və təbliğidir.

Layihə 3 ay müddətinə, avqust ayının 1-dən oktyabr ayının 30-a kimi Bakı və Xızı şəhərlərində icra olunacaqdır.

Layihə rəhbəri “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Qəmər Bağırova bu barədə saytımıza məlumat verərək bildirmişdir ki, layihə çərçivəsində Azərbaycanın zəngin mədəniyyətinin və incəsənətinin öyrənilməsi,  milli-mənəvi dəyərlərimizə diqqət və sevginin gücləndirilməsi, mədəniyyətin müxtəlif vacib sahələrinə marağın artırılması, eyni zamanda milli ədəbiyyatımızın yüksək səviyyədə öyrənilməsi, azərbaycançılıq ideyalarının təbliğinin diqqətə alınması, ədəbiyyat xadimlərinin yaradıcılığının öyrənilməsi baxımından bədii ədəbiyyat nümunələrinin nəşri, maarifçilik ideyalarının inkişaf etdirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsüində görkəmli dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərinə səyahət, tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, Xızı ictimaiyyətinin də iştirakı ilə Xızıda hər il keçirilən ənənəvi “Cəfər Cabbarlı günü”nün qeyd olunması, dramaturqun Xızıda fəaliyyət göstərən ev-muzeyinə ekskursiya təşkil edilməsi, Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə hədiyyə olaraq dahi dramaturqun ədəbi irsinin təbliği məqsədi ilə yazıçının müxtəlif ədəbi janrlarda qələmə aldığı əsərlərindən ibarət kitabın, eləcə də sənətkarın həyat və yaradıcılığı haqqında bir sıra maraqlı məlumatların toplandığı kitabçanın nəşri və geniş ictimaiyyətə təqdimatı, mədəniyyətin, incəsənətin müxtəlif vacib sahələrinə diqqətin artırılması məqsədi ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin inkişafında böyük xidmətləri olan yaradıcı şəxslərə növbəti “Cəfər Cabbarlı Mükafatı”nın təqdim olunması nəzərdə tutulub.