Cəmiyyətin birgə fəaliyyəti zəruri edən PROBLEM

Məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizədə beynəlxalq və yerli səviyyədə davamlı iş aparılır. Beynəlxalq hüquqi normalarda, yerli qanunverici bazamızda qadınlara qarşı baş verən hər hansı zorakılıq halları ilə bağlı kifayət qədər müddəalar var. Həyata keçirilən işlər nəticəsində Azərbaycanda məişət zorakılığı ilə bağlı statustika müsbət dimanika üzrə azalır. Belə ki, 2000-ci illərin əvvələrində bu istiqamətdə olan mənzərəyə nəzər salanda son illərdə məişət zorakılığı ilə bağlı vətəndaşların məlumatlı olması sevindirici haldır. Artıq istər Bakıda, eləcə də regionda qadınlar bu problemlə üzləşdiyi halda atacağı addımları bilir və müvafiq orqanlara müraciət edirlər. 
Bununla yanaşı, cəmiyyətdə zorakılıqla bağlı problem köklü həll olunan problemlər sırasında yer almır. Təəssüflər olsun ki, cəmiyət inkişaf etdikcə, zorakılıq halları olur və bu istiqamətdə daimi maarifləndirmə işinin həyata keçirilməsi günümüzün əsas tələbidir. Belə ki, baş verən zorakılıq halları həm ailə institutunun zəifləməsinə, həm ailələrdə böyüyən uşaqların psixologiyasına, həm də qadınların həyat və şəraitinə mənfi təsir göstərir. 

Araşdırmalar nə deyir?


Aparılan araşdırmalar onu deməyə əsas verir ki, məişət zorakılığının geniş yayılmasına səbəb cəmiyyətdə gücün və səlahiyyətin kişinin əlində cəmlənməsi, patriarxal təsəvvürlərin, toksik maskulin davranışların, kişinin qadına tabe olması kimi dini inancların sosial norma sayılmasıdır. Pekin Fəaliyyət Planında da deyildiyi kimi, “qadına qarşı şiddət tarixən qadın və kişi arasındakı qeyri-bərabər güc münasibətlərinin təzahür formasıdır ki, bu da kişilərin qadınlar  üzərində dominantlığına və qadınların diskriminasiyasına, eləcə də qadınların hərtərəfli inkişafının qarşısının alınmasına gətirib çıxarmışdır” (UN 1995, paraqraf 118). Məişət zorakılığının cəmiyyətdə ayaq açıb yeriməsinə məhz elə cəmiyyətin bu işdə birbaşa və ya dolayı yolla iştirakı səbəb olur. Məişət zorakılığı qohum-tanışlar, bir məhəllədə yaşayan adamlar, qapı qonşuları kimi cəmiyyətin ailənin əhatəsində olan nümayəndələrinin törədilmiş zorakılığa bəraət qazandırması, günahı hər zaman qurbanda görməsi, ənənəvi olaraq kişilərin dominant və partnyorlarını nəzarətdə saxlamalı olduğu inancı ilə daha da sosial yüklü bir bəlaya çevrilir.
Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Monitorinq qruplarına yerli İcra Hakimiyyəti başçısının müavini sədrlik edir. Monitorinq qruplarının üzvləri yerli Təhsil şöbəsinin, Səhiyyə şöbəsinin, Polis şöbəsinin, Prokurorluğun, Əhalinin Sosial Müdafiə Mərkəzinin və rayon Qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir. Onların fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda çoxsaylı təlimlər keçirilir, seminarlar təşkil olunur, tövsiyələr verilir.

Dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilir


Ailə, Qadın və Uşaq Proiblemləri Komitəsinin regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il ərzində yüzlərlə müxtəlif mövzularda, o cümlədən, “Ailə institutunun gücləndirilməsi” və “Zorakılığa YOX deyək”, “Erkən nikahlara yox deyək” və s. müxtəlif mövzularda təlimlər keçirilir. Təlimlərdə iştirakçılara ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunması yolları və s. barədə məlumat verilir, çap məhsulları paylanılır, qısametrajlı filmlər göstərilir.
Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir.  Bu məsələdə Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar keçirilir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı rayonlarda Qadın Resurs Mərkəzləri yaradılmışdır.

Təkliflər

Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac vardır. Bununla bağlı “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilmişdir. 
Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. 
2017- ci ildə Komitənin BMT-nin Əhali Fondu ilə birgə keçirilən “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES) kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailədaxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Həmin təhlilin nəticələrinə əsasən kişilər tərəfindən zorakılığın istənilən formasının törədilməsini ardıcıl qaydada bir neçə amillə əlaqələndirmək olar: Öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür. “GEM” Şkalasına əsasən gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir.
Ailə-məişət zəminində mövcud olan və ailənin davamlılığına yönəlmiş hüquqi islahatların aparılması mühüm və mütərəqqi addım olub, müxtəlif xarakterli zorakılıq hallarının aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla belə, ailə problemlərinin hüquqi müstəvidə həlli bir sıra zorakılıq hallarının qarşısını alsa da bütövlükdə ailənin sonrakı həyatına kifayət qədər mənfi təsir göstərir və belə ailələr gec-tez dağılır. Təbii ki, burada ailənin milli-mənəvi səciyyəsi böyük rol oynayır. Məhz belə halların qarşısının alınması üçün həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm ictimaiyyət nümayəndələrinin hüquq müstəvisindən kənar birgə fəaliyyəti zəruridir. Fikrimizcə, onların birgə fəaliyyəti ilə gerçəkləşdirilən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi öz nəticəsini verə bilər. Belə tədbirlərə: bu sahədə qəbul olunmuş hüquqi-normativ aktların broşürlər formasında nəşr edilərək əhali arasında yayılması; yeni ailə qurmuş gənclərin uzunömürlü ailələrin başçıları ilə mütəmadi görüşlərinin keçirilməsinin təşkili; yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliği istiqamətində tədbirlərin keçirilməsi; kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə ictimai qınağın formalaşdırılması, əhalinin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin, sağlam ailə münasibətlərinin təbliğ edilməsi; televiziya və sosial şəbəkələrdə mövzuya həsr olunmuş geniş diskussiya və müzakirələrin aparılması nümunə göstərilə bilər.

 

Elnarə Həziyeva

Məqalə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur