İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər.
Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmasının müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi hər zaman müşahidə edilir.
Azərbaycanla İsrail arasında hərbi əməkdaslıq yüksək səviyyədədir. Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır. Baxmayaraq ki, bu amil bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaradır, lakin bu əməkdaşlıq iki dövlətin müstəqil iradəsinin təzahürü kimi meydana çıxır. Xatırladaq ki, Azərbaycan uzaq mənzilli raketlərin alınması üçün qonşu İrana dəfələrlə müraciət etsə də bu, nəticəsiz qalmışdır. Lakin İsrail müharibə şəraitində olan Azərbaycanın demək olar ki, bütün müraciətlərini müsbət qarşılamışdır.
Energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir.
Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir. Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bu çağırışlar bu gün Yaxın Şərqdə baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm platforma ola bilər.
Həm İsrail Prezidentinin, həm də Azərbaycan Prezidentinin yeni sahələrdə əməkdaşlığı genişləndirmək siyasətində nümayiş etdirdiyi çoxvektorlu yanaşma iki ölkə arasında münasibətlərdə mövcud olan tükənməz potensialdan xəbər verir. Belə sahələrdən biri də bərpa olunan enerji mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjidən fəal istifadə etməyə başlayıb, İsrail isə bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib. İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir
İsrail həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. 2022-ci il martın 9-da Prezident Hersoqun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü İsrail və Türkiyə arasında 2010-cu ildən sonra demək olar ki, dondurulmuş münasibətlərin bərpa olunması ilə xarakterizə olunur. Hazırda hər iki dövlət diplomatik münasibətləri bərpa edib ki, bu da onların əməkdaşlıq istiqamətində addımlar atmaq niyyətindən xəbər verir.
Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir, İsrail Prezidentinin Azərbaycana səfəri isə bu münasibətləri yeni, daha sabit səviyyəyə çıxarmağa imkan verəcəkdir.
Əminə Ağazadə,
Millət vəkili