İyun ayının ilk həftəsində Oğuz rayonunda müxtəlif tədbirlərdə iştirak edən 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Həbib qızı Naxçıvanlı ay ərzində ona müraciət edən seçicilərlə görüş keçirmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin çevik həll edilməsi məqsədi ilə görüşə Dövlət Məşqulluq Agentliyi Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayon xidmət şöbəsinin əməkdaşı, Oğuz RİHB-nin İƏV üzrə nümayəndələri və bir neçə kənd bələdiyyə sədrləri dəvət edilmişdir. Ümumilikdə qəbulda iştirak edən seçicilərin sayı 28 nəfər olmuşdur. Müraciətlər əsasən işlə təmin olunma, sahibkarlığa dəstək, hüquqi yardım, xəstəliklə əlaqədar müalicə və müayinələrin aparılmasına köməklik, əlilliyin təyin olunması və Oğuz şəhər qəbiristanlığının abadlıq məsələləri ilə əlaqədar olmuşdur.
Qəbul zamanı işsiz vətəndaşlara Regional Məşğulluq filialının Oğuz rayon xidmət şöbəsinin əməkdaşı tərəfindən müvafiq izahatlar verilmiş, iki seçiciyə fəaliyyət profilini genişləndirmək üçün yeni istiqamətlər təklif olunmuş, qeydiyyat üçün müraciət etməyən vətəndaşlara isə qısa müddətdə işsiz kimi qeydiyyata düşmələri tövsiyə edilmişdir. Məhkəmə işi ilə bağlı bir seçicinin müraciətinə isə rayon hakimi ilə birbaşa əlaqə nəticəsində aydınlıq gətirilmişdir. Sağlamlığında problem olduğunu bildirən üç seçici Oğuz Rayon Ailə Sağlamlıq Mərkəzinə müayinə olunması məqsədi ilə göndərilmişdir. Sahibkarlıq fəaliyyəti və Oğuz şəhər qəbiristanlığının abadlıq məsələləri ilə bağlı müraciət edən Oğuz sakinlərinə isə yerində köməklik göstərilmişdir.
Digər seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edən deputat Aqiyə Naxçıvanlı onların problemlərini dinləmiş həlli üçün müvafiq instansiyalara məktublar ünvanlayacağını bildirmişdir. Qəbulda iştirak edən sakinlər dövlətimizin qayğısını həmişə öz üzərlərində hiss etdiklərini söyləyərək müraciətlərinin həllinə operativ köməklik göstərdiyi üçün deputat Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını bildirmişlər.