Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan tarixi hadisəni Vətən Müharibəsinin başlanmasının 5-ci ildönümünü dərin qürur hissi ilə xatırlayırıq. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi Azərbaycan xalqının dövlətinə, ordusuna və Müzəffər Ali Baş Komandanına sonsuz inamının təcəssümü idi".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Günay Ağamalı deyib.
O qeyd edib ki, bu mübarizə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olundu, milli qürurumuz, tarixi ədalətimiz bərpa edildi: “Ən əsası isə, bu Zəfər hərbi gücün və xalq-dövlət birliyinin təntənəsi idi. Şəhidlərimizin müqəddəs qanı ilə yazılmış bu tarix Azərbaycanın gələcək nəsillərinə ən böyük irsidir.
Bu gün biz qələbəni xatırlamaqla yanaşı, eyni zamanda onun yaratdığı yeni reallıqları yaşayırıq. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı uğurla icra olunur, yeni şəhərlər, kəndlər, yollar, hava limanları inşa edilir. Bu, Azərbaycanın güclü dövlət iradəsinin və Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasətinin nəticəsidir”.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurların son zirvəsi kimi 8 avqust 2025-ci il tarixli Vaşinqton Sazişini qeyd etməliyik: “Bu saziş regionda ədalətli sülhün və sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquq müstəvisində bir daha təsdiq etdirdi. Bu saziş həm də dövlətimizin artan nüfuzunun, diplomatiyamızın qətiyyətli və prinsipial xəttinin bariz göstəricisidir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının kürsüsündən səsləndirdiyi fikirlər və dünyaya ünvanladığı çağırışlar dövlətimizin beynəlxalq aləmdə artan gücünün və siyasi iradəsinin təzahürüdür.
Əminik ki, dövlət başçımızın liderliyi ilə Azərbaycan bundan sonra da dünyada sülhün, ədalətin və inkişafın güclü tərəfdarı kimi çıxış edəcək və ölkəmiz yeni-yeni uğurlara imza atacaqdır”.