Deputat: Məktəblilər dövlət hesabına isti yeməklə təmin edilsin

“2024-cü ildə təhsil xərcləri cari ilə nisbətən 3.2% çoxdur. Bundan əlavə məktəbəqədər təhsil müəssisələrində 105 min nəfərdən çox uşağın sağlam qidalanmasını təmin etmək üçün nəzərdə tutulan xərclər cari ilə nisbətən 4.1% artırılaraq 128.4 milyon manata çatdırılmışdır. Bu çox təqdirəlayiq haldır. Lakin bu yaxınlarda cəmiyyətinmizdə böyük bir müzakirələrə səbəb olan bir hadisənin şahidi olduq. Məktəblilərin dönərdən kütləvi zəhərlənməsi baş verdi. Hesab edirəm ki, biz artıq məktəblərdə qidalanmanı birbaşa dövlət nəzarətinə götürməliyik. Belə ki, kiçik yaşlı siniflər, o cümlədən imkansız ailələrin uşaqları mütləq dövlət hesabına isti yeməklə təmin olmalıdırlar. Bunu İcbari Tibbi sığorta kimi, pilot layihə formatında bir neçə rayon və şəhərdə başlayıb, bir neçə ilə ölkənin bütün məktəblərində tətbiq etmək olar”.

Ölkə.Az xəbər verir ki, belə bir təkliflə deputat İltizam Yusifov parlamentdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.

O eyni zamanda təmsil etdiyi Şirvan şəhərinin üzləşdiyi problemləri və onun həlli istiqamətində hökumətin addımlar atmasını xahiş edib. 

“Şəhərin ən əsas problemi işsizliklə bağlıdır. Böyük kadr potensialı var, çünki sənaye şəhəridir. Bakı şəhərinə çox yaxındır. Enerji mənbələri, əlverişli logistika və ölkə sənayesinin inkişafı üçün geniş imkanlar var. Şirvan Şəhər olduğu üçün insanların pay torpağı yoxdur. Xahiş edirəm, hökumət bunu nəzərə alsın.
Əsas problemlərdən biri ictimai nəqliyyatın yox səviyyəsində olmasıdır. Heç bir standartlara, müasir tələblərə uyğun olmayan bir nəqliyyat sistemi fəaliyyət göstərir. Yaxın vaxtlarda nəqliyyat sahəsində Qanunvericilik bazasını təkmilləşdirdik və hesab edirəm ki, bu sahədə qayda-qanun yaratmağın vaxtıdır. Xahiş edirəm, müvafiq qurumlar bu problemi nəzarətə götürüb həll etsinlər.
Təhsillə bağlı aidiyyatı qurumlara deyirəm: Köçürün Universitetləri Şirvan şəhərinə, Bakının yükünü yüngülləşdirin. Şirvanda müasir şəhərdir. O cümlədən müasir tipli Peşə Təhsili Mərkəzinin açılmasına da böyük ehtiyac vardır. 
Şirvan şəhərinin mərkəzi stadionu. Təmirə saxlanılıb, 80 %  iş görülüb, lakin 15 ildir işlər dayandırılıb. 15 ildir bu işlər tamamlanmır ki, tamamlanmır. Əvəzində görülən işlər də dağılıb gedir. Bir neçə dəfə aidiyyatı qurumlar gəlib baxıb-gedib. İnsanlar artıq futbol komandası da yaradıblar, amma stadion hələ də yoxdur”.