Dilimiz mənəvi sərvətimizdir

Ümummilli lider Heydər Əliyev ötən əsrin doxsanıncı illərindəki çıxış və nitqlərinin hamısında dövlət müstəqilliyimizin əbədiləşdirilməsi, milli tariximizin bütün səhifələrinə ehtiramla yanaşılması, eləcə də ana dilimizin qorunub saxlanılması zərurətini dəfələrlə xatırladırdı. Onun özünün siyasi fəaliyyəti isə dövlətçiliyimizə, tariximizə və dilimizə sədaqət rəmzi, xidmət nümunəsi idi. Heydər Əliyev xatırladırdı ki, hər bir millətin dili onun üçün çox əzizdir: “Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər”.

 Elə ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi təsbit edildiyi 1978-ci il Konstitusiyamız barədə mülahizələrimi qələmə alarkən də Ulu Öndərin məhz yazıçı, şair və digər yaradıcı ziyalılarımıza müraciətini yada salmaq istəyirəm. Belə ki, 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsi hazırlanarkən, respublikamızın o zamankı rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərmişdi ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər.

Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur;

 Nəticədə Konstitusiyada “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” – maddəsi təsdiq olunmuşdu. Xüsusilə vurğulanmalı məqam ondan ibarət idi ki, ulu öndərin bu istəyi həmin dövr üçün olduqca cəsarətli addım idi. Çünki bu addımın hansısa başqa respublikada deyil, məhz türkdilli ölkədə atılması sadəcə risk idi. Heydər Əliyev bu addımı atmış və məqsədinə nail olmuşdu. Bu günlər həmin qətiyyətli qərarın qəbul edilməsindən 44 il keçir. Ancaq milli dövlətçilik tariximizdə Azərbaycan dilinin dövlət dili kimi ilk dəfə qəbul edilməsindən artıq 104 ilə yaxın müddət ötür. Belə ki, dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə də diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilmişdi.

Bu qərar Azərbaycan xalqının milli özünüdərkinin, mənəvi birliyinin və gələcək müstəqilliyinin əsasını təşkil edən mühüm addım idi. Azərbaycan dilinin hüquqi baxımdan dövlət dili kimi təsdiqi onun inkişafına, tədrisinə və geniş istifadəsinə yeni imkanlar yaratdı. Həmçinin, bu addım gələcəkdə 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dilin dövlət dili kimi daha da möhkəmləndirilməsinə zəmin yaratdı.

Ulu Öndərin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi illərdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub.

Heydər Əliyevin bu təşəbbüsü təkcə dilə deyil, ümumilikdə milli kimliyə və mədəniyyətə olan yüksək ehtiramın təzahürü idi. Onun milli-mənəvi dəyərlərə bağlılığı və bu sahədə apardığı siyasət bu gün də xalq tərəfindən böyük hörmət və minnətdarlıqla yad edilir.

27 aprel 1978-ci il tarixində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri kimi Azərbaycan dövlətçiliyi tarixində qızıl hərflərlə yazılmışdır. Bu təşəbbüs milli oyanışın, dilə olan sevginin və milli şüurun yüksəlişinin simvoluna çevrilmişdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı