Dini tolerantlıq – vicdan azadlığı və media müstəvisində

Azərbaycan dünyada müxtəlif dinlərin nümayəndələrinin mehriban, sakit yaşadığı, fərqli inanc sahiblərinin bir-birinə hörmətlə yanaşdığı məmləkət kimi tanınır. Bir çoxları ölkəmizi dini tolerantlıq baxımından dünyaya örnək kimi göstərir, bu sahədə Azərbaycanın nümunəvi ölkə olduğunu, onun təcrübəsindən yararlanmağın vacibliyini vurğulayırlar. Tolerantlıq din və dövlət münasibətlərinin fövqündə dayanmaqla bəşəri və milli maraqlara xidmət edən dəyər olaraq qəbul edilir. Təəssüf ki, Azərbaycanın imicini korlamaq, ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr dini azadlıqdan, tolerantlıqdan sui-istifadəyə cəhd edirlər.
Məsələn, bir vaxtlar çoxları tərəfindən ciddi qəbul edilməyən, perspektivsiz hesab olunan vəhhabilik bu gün bəzi ölkələrdə, o cümlədən, Azərbaycanda başağrısına, təhlükə mənbəyinə çevrilib. Bu cür qeyri-ənənəvi təriqətlərin artdığı və genişləndiyi bir dövrdə medianın üzərinə böyük məsuliyyət düşür.


Dövlətlə həmrəy olmayan media qurumları


Müsəlman ölkələri arasında həmrəyliyin yaranmasında mətbuat nə qədər önəmli rol oynayırsa, münasibətlərin pozulmasında da bir o qədər böyük gücə sahibdirlər. Bu gün İslam ölkələrində məhz fərqli təriqətlərə sahib olduqları üçün bir-biri ilə düşmən kəsilən ölkələr, siyasi qüvvələr kifayət qədərdir, Maraqlıdır ki, başqa dinlərə qarşı daha tolerant olan təriqətçilər eyni dindən olan bacı-qardaşlarına daha aqressiv münasibət bəsləyirlər. Medianın İslam həmrəyliyinə necə zərbə vurduğunu Azərbaycan reallığında da bir neçə dəfə yaşamışıq. Söhbət qonşu İranın dövlətinin bəzi media qurumlarının Azərbaycan əleyhinə təbliğat aparmasından gedir. Lakin ölkə rəhbərliyi siyasi soyuqqanlılıq göstərərək problemi dialoq yolu ilə həll edə bildi. Və artıq xeyli müddətdir ki, mətbuat səviyyəsində əvvəlki gərginlik müşahidə edilmir. Bir müddət öncə Hindistanda siyasət xadiminin İslam dini və onun peyğəmbəri haqqında işlətdiyi xoşagəlməz ifadə böyük əks-səda yaratdı. Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Nazirliyinə çağırdı. Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.
Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb. Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib. Təəssüf ki, bəzən ölkə daxilində də dindən bir vasitə, qalxan kimi istifadə edənlərə rast gəlinir. Bir neçə il Bakının Nardaran qəsəbəsində xaricdən idarə olunan dini ekstremist qüvvələrin fəallaşması dövləti təcili tədbirlər görməyə vadar etdi. Eyni zamanda Türkiyədə 2016-cı il 15 iyun qiyam cəhdi zamanı media-din münasibətləri bir daha gündəmə gəldi. Fətullah Gülən terror şəbəkəsinin (FETÖ) özəyini təşkil edən “Nur camaatı” və onun himayəsindəki media holdinqlər Türkiyənin dünyəvi sütunlarını laxlatmağa çalışırdılar. Şəbəkənin Azərbaycandakı özəkləri, xüsusilə də, media qurumları 15 iyundan sonra aşkarlanaraq fəaliyyətlərinə son qoyuldu. Bu əməliyyatlar sonrakı müddətdə də davam etdi. Ölkədə qarışıqlıq salmaq istəyən qeyri-ənənəvi dini sektaların üzvləri lazımi cəzalarını almaqdadırlar. Ölkədə sabitliyi pozmaq istəyən radikal dini qüvvələrin hansısa ad altında qanunsuz birləşərək qarşıdurma yaratması, təxribat xarakterli hərəkətlər etməsi cəmiyyətin müxtəlif siyasi qütbləri tərəfindən daim pislənir, ictimaiyyət bu məsələdə hüquq-mühafizə orqanlarını dəstəkləyir. Təəssüf ki, bəzi xarici qüvvələr və onların buradakı əlaltıları baş verənləri vicdan azadlığının pozulması kimi qiymətləndirməyə cəhd etdilər. Müəyyən media qurumları da həmin qüvvələrə birləşərək həbs edilən radikal dindarların müdafiəsinə qalxır, onları vicdan məhbusu kimi təqdim edirlər. Məhbus dindarların şəkillərini hər gün qəzet səhifələrində işıqlandıraraq onlara azadlıq istəyən, barələrində geniş yazılar yazıb onları qəhrəman kimi ictimaiyyətə təqdim edən media qurumlarının məqsədi heç də oxucu toplamaq deyil. Bu cür media orqanları onları maliyyələşdirən mənbələrin sifarişini yerinə yetirməklə ölkədəki İslam həmrəyliyinə zərbə vurmuş oldular. Belə təəssürat yaradırdılar ki, Azərbaycan dövləti vətəndaşların dini etiqad azadlığını əllərindən alır, onları həbs edir və s.
Nəzərə alsaq ki, Azərbaycanda 30-a yaxın qəzet, 32 televiziya kanalı, təxminən 20 informasiya agentliyi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Bundan başqa yüzlərlə informasiya saytları, portallar var ki, internet resursu kimi mövcuddur. O zaman media və İslam mövzusunun nə dərəcədə aktual və vacib olduğunu söyləmək mümkündür. Ölkə əhalisinin böyük əksəriyyətinin İnternetə çıxışının olmasını da bura əlavə etsək, elektron medianın ictimai fikirin formalaşmasında önəmli rol oynadığını söyləyə bilərik. Bu mənada ölkədə İslam həmrəyliyinin qorunub saxlanılmasında, güclənməsində, eləcə də zəifləməsində medianın çox böyük rolu var. Bəzən mətbuatda bir çoxlarının dini dəyər kimi qəbul etdiyi adət-ənənələr, din xadimləri haqqında dərc edilən yazı böyük etiraza səbəb olur. Azərbaycanın yaxın keçmişində belə faktlar az olmayıb. 2006-cı ildə “Sənət” qəzetində dərc edilən məqalələrdən sonra radikal dindarların yazilara dözümsüz yanaşmasının şahidi olduq. Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, dünyanın inkişaf etmiş ölkələrində belə mətbuatda dərc edilən dini yazılara reaksiya fərqli olur. Hər bir ölkədə, cəmiyyətdə fərqli təfəkkürlü dindar təbəqələr mövcuddur. Məhz buna görə də, mətbuatın dinlə bağlı mövzulara həssas yanaşması məsləhət görülür. Heç kəsə sirr deyil ki, ölkədə fəaliyyət göstərən elektron media qurumları müxtəlif mənbələrdən maliyyələşir. Həmin mənbələr sırasında dini missionerliklə məşğul olanlar da az deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycan mətbuatı dini radikalizmə qarşı mübarizə məsələsində mühüm rol oynayır, təhlil, maarifləndirici xarakterli yazılar dərc edir: “Ancaq bəzən mətbuatda dini radikal qruplar haqqında məlumatların yerli-yersiz süni şəkildə şişirdilməsinə və bəzən qızışdırıcı yazılara da rast gəlirik. Bəzi mətbuat orqanları çalışır ki, oxucusunun sayı çox olsun, ancaq həssas məsələlərlə bağlı məlumatlar yayanda diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, hansı elektron media qurumunu hansı dini qüvvələrə xidmət etdiyini müəyyənləşdirmək o qədər də çətin deyil. Bu gün Azərbaycanda bəzi saytlar var ki, İran, Səudiyyə Ərəbistanı, Türkiyə də digər ölkələrdəki dini ideologiyaların təbliğatçısına çevrilib. Bu cür hallar Jurnalistlərin Peşə Etikası Kodeksinin müvafiq bəndlərinə zidd olmaqla bərabər, Azərbaycanın İslam həmrəyliyi yönündə yürütdüyü siyasətlə də üst-üstə düşmür.


Media mövhumata hörmət etməlidirmi?


Tez-tez belə bir fikirlə rastlaşırıq. Mətbuat başqalarının dini inancına hörmətlə yanaşmalıdır? Bu inancları aşağılayan, gözdən salan yazılar yazılmamalı, inanc sahibləri tənqid edilməməlidir? İlk baxışdan jurnalistikadan tələb olunan bu şərtlər normal görünür. Amma dini inancla mövhumatı, cəhaləti, fundamentalizmi ayırmaq lazımdır. Hansısa dini inanca söykənib özünə xəsarət yetirən, tolerantlıqdan uzaq olan, cəmiyyətin inkişafına, dünyəvi təhsil sisteminə xələl gətirəcək addımlar atan, övladlarını təhsildən yayındıran, qızlarını aşağı yaşda ərə verən, insan hüquqlarını tapdalayan məzhəb daşıyıcılarına qarşı media dözümlü olmalıdırmır? Onlara hörmətlə yanaşmalıyıqmı? Axı Azərbaycan mətbuat tarixində özünəməxsus rolu olan “Molla Nəsrəddin” jurnalında bu cür mövhumatçılıq kəskin tənqid olunub. Maarifçilərimizin əsas tənqid hədəfi cahillik olub. XX əsrin əvvəllərində Azərbaycan mətbuatında dindarların heysiyyatına toxunan çoxlu sayda yazılar dərc edilib. Hətta dindarlar naşirlərin üzərlərinə hücum çəkiblər, onları öldürmək istəyiblər. Bu gün isə dini inancla mövhumatçılığın sərhədləri o qədər kövrəkdir ki, inancın harada qurtarıb, cahilliyin haradan başlandığını müəyyən etmək çətinləşib.
Dini mövzularda yazanların istənilən tənqidi fikiri inanclı oxucular tərəfindən birmənalı qarşılanmır və təhqir kimi qəbul edilə bilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Jurnalistlərinin Peşə Etikası Kodeksində mətbuata dini təfriqələrə yol açacaq yazılar dərc etməsi qadağan olunub. Jurnalistin sosial məsuliyyətini izah edən 1-ci maddədə qeyd olunur: “Jurnalistin bütün peşə fəaliyyəti Azərbaycan respublikasının Konstitusiyası və qanunlarına tam uyğun gəlir. O, dərc olunmuş (efirə verilmiş) materialı üçün oxucu, tamaşaçı, dinləyici, ümumiyyətlə ictimaiyyət qarşısında tam məsuliyyət daşıyır. Kütləvi informasiya vasitələrilə dövlətin, cəmiyyətin, şəxsiyyətin mənafeyinə ziyan vura biləcək zorakılıq, hər hansı dini etikada və millətə qarşı nifrət ifadə olunan yazılar vermək qadağandır. Dövlət quruluşunu və ictimai quruluşu zor gücünə devirməyə və ya dəyişdirməyə çağırmaq, müharibəni, zorakılığı və qəddarlığı, irqi, milli, dini, müstəsnalığı və ya dözülməzliyi təbliğ etmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə edilməsinə yol verilmir. Jurnalist Azərbaycan respublikasında yaşayan bütün xalqların, etnik qrupların fərdi xüsusiyyətlərinə, dilinə, ləhcəsinə, dininə, milli mədəniyyət nümunələrinə hörmətlə yanaşır, ayrısekçiliyə yol vermir. Jurnalist kütləvi informasiya vasitələri üçün hazırladığı materialda Azərbaycan ərazisində yaşayan bütün millətlərin mənafeyini ümumrespublika mənafeyi ilə birləşdirmək ideyasına üstünlük verir”.


Qabaqcıl ölkələrin təcrübəsi


İnkişaf etmiş Avropa ölkələrinin mətbuatında dini mövzulara həssas yanaşma, dini proseslərin digər proseslərlə qarışdırılmaması, bir növ buna fərqli münasibət sərgilənməsi tələb olunur. Məsələn, 2005-ci ildə Danimarka mətbuatında, 2015-ci ildə Parisdə “Charlie Hebdo” satirik jurnalında İslamda dəyər hesab olunan şəxsiyyətlərinin katrikaturalarının dərc edilməsi və ondan sonra baş verən qanlı olaylar, müsəlman dünyasında baş qaldıran etirazlar Avropa “media və din” mövzusuna yenidən baxılmasını zəruri etdi. Avropalı media ekspertlərinin bir qismi məsələyə “azad jurnalistika” prinsipindən yanaşsalar da, “media milyonların heysiyyatı ilə oynamamalı, dini dəyərlərə hörmət etməlidir” mövqeyini ortaya qoyanlar da az deyildi.
Qərb mediasına diqqət yetirsək İslamafobiya meyllərinin gücləndiyini müşahidə etmək mümkündür. “Terror və İslam”ı eyniləşdirməyə cəhd göstərən Qərb mediası müsəlmanları və onların dinini gözdən salmaq üçün “terror” sözündən addımbaşı istifadə edirlər. Maraqlıdır ki, Qərbdə hansısa xristianın törətdiyi cinayət sıradan bir qətl hadisəsi adlandırılır, həmin suçu müsəlman etdikdə “terror” kəlməsi manşetlərdə qırmızı hərflərlə qabardılır. Statistikaya nəzər salsaq görərik ki, dünyada törədilən terror hadisələrinin 75-80 faizi müsəlman, 5-10 faizi isə Qərb ölkələrində baş verir. Azərbaycan jurnalistikası bu cür qərəzli təbliğatların qarşısını dövlətin din siyasətinin mahiyyətini düzgün işıqlandırmaqla ala bilər.


Təkliflər


Azərbaycan dövləti və media ölkədə bütün dini inanclara hörmətlə yanaşır. Eyni zamanda mətbuat İslam həmrəyliyinin daha da güclənməsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İslam Əməkdaşlığı Təşkilatına üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında quruma üzv seçilib. Azərbaycanın islam ölkələri ilə münasibətləri ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan İslam Hərbi Alyansı adlanan qurumda 34 islam dövlətinin yaratdığı hərbi blokda öz təmsilçiliyi ilə terrora qarşı mübarizədə iştirakını təmin edib. 2017-ci il martın 1-də Prezident İlham Əliyev İslamabadda keçirilən İƏT-in XIII sammitindəki çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə ən çox əhəmiyyət verən ölkədir. Mətbuat İslam həmrəyliyi mövzusunu daim gündəmdə saxlamaqla dövlətin yürütdüyü siyasi kursa töhfəsini verir. Gələcəkdə Azərbaycan jurnalistlərinin müsəlman ölkələrinə səfərlərinin təşkilinə, İslam həmrəyliyi mövzudunda keçirilən beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsinə ciddi ehtiyac var. Eyni zamanda “media və İslam həmrəyliyi” mövzusunda təlimlər keçirməklə jurnalistlərin bu səpkidə biliklərini daha da artırmaq yaxşı olardı.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim edilir.