Mahir Süleymanlı
Milli Məclisin deputatı
Enerji siyasəti yalnız iqtisadi tərəqqinin deyil, həm də dövlət müstəqilliyinin möhkəmləndirilməsinin, beynəlxalq nüfuzun artırılmasının və milli təhlükəsizliyin təmin edilməsinin əsas komponentlərindən biridir. Prezident İlham Əliyevin iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı bu reallıqları bir daha təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi fikirlər Azərbaycanın enerji sahəsində qazandığı uğurları, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək inkişaf istiqamətlərini nümayiş etdirir.
Bu gün dünyanın enerji gündəliyində mühüm yer tutan “Bakı Enerji Həftəsi”nin əsası 1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisi ilə qoyulub. Həmin dövrdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycan uzaqgörən enerji siyasəti nəticəsində beynəlxalq investorların diqqətini özünə cəlb etməyə nail olub. Məhz həmin sərgi enerji sektorunda beynəlxalq əməkdaşlığın formalaşmasına və sonrakı böyük layihələrin təməlinin qoyulmasına şərait yaradıb.
1996-cı ilin iyun ayında imzalanmış “Şahdəniz” müqaviləsi isə ölkənin qaz strategiyasında yeni səhifə açılıb. Dünyanın ən iri qaz yataqlarından biri hesab edilən “Şahdəniz” layihəsi sonrakı illərdə Avrasiyanın enerji xəritəsini dəyişdirən əsas layihələrdən biri olub. Bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan qaz təchizatının əsasında məhz həmin strateji qərar dayanır. “Bakı Enerji Həftəsi”nin beynəlxalq nüfuzu ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktubda da öz əksini tapıb. Bu faktor Azərbaycanın qlobal enerji siyasətində və beynəlxalq əməkdaşlıq sistemində artan rolunun göstəricisi kimi qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışında enerji resurslarından əldə olunan gəlirlərin dövlət quruculuğunda oynadığı rolu vurğulayıb. Son otuz ildə enerji layihələrindən əldə olunan vəsaitlər hesabına genişmiqyaslı sosial proqramlar həyata keçirilib, müasir infrastruktur yaradılıb, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına böyük investisiyalar yönəldilib. Eyni zamanda bu maliyyə imkanları müasir və güclü ordunun formalaşdırılmasına da şərait yaradıb. Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əsasını xalqın birliyi, döyüş ruhu və hərbçilərin peşəkarlığı təşkil etsə də, güclü iqtisadiyyat və müasir hərbi potensial bu qələbənin mühüm şərtlərindən biri olub.
Enerji sektorundan əldə olunan gəlirlər hesabına həyata keçirilən müdafiə quruculuğu proqramları ordunun ən müasir texnologiyalarla təchiz olunmasına imkan verib. Bu amillər milli maraqların qorunmasında və ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb. Beləliklə, enerji siyasətinin uğurları yalnız iqtisadi göstəricilərlə məhdudlaşmayaraq dövlət təhlükəsizliyinin möhkəmlənməsinə də birbaşa töhfə verib.
Bu gün enerji təhlükəsizliyi qlobal gündəmin ən vacib məsələlərindən biridir. Dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi hadisələr və enerji bazarlarında yaranan qeyri-sabitlik etibarlı enerji tərəfdaşlarının əhəmiyyətini daha da artırır. Azərbaycan isə uzun illər ərzində həyata keçirdiyi siyasətlə etibarlı təchizatçı imicini formalaşdırıb. Bu uğurun əsasında iri enerji infrastruktur layihələrinin həyata keçirilməsi dayanır. Bakı–Supsa kəməri Xəzər neftinin Qara dəniz üzərindən dünya bazarlarına çıxarılmasını təmin edib. Bakı–Tbilisi–Ceyhan neft kəməri Xəzər hövzəsini Aralıq dənizi ilə birləşdirərək yeni enerji marşrutu yaradıb. Daha sonra Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri ilə Cənub Qaz Dəhlizi formalaşdırıldı. Təxminən 3500 kilometr uzunluğunda olan bu sistem mürəkkəb coğrafi şəraitdə inşa olunmasına baxmayaraq, bu gün Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri hesab olunur. Layihənin reallaşması böyük maliyyə resursları ilə yanaşı, güclü siyasi iradə və beynəlxalq əməkdaşlıq tələb edirdi.
Azərbaycan qazının ixrac coğrafiyası ildən-ilə genişlənir. Əgər bir il əvvəl qaz ixrac edilən ölkələrin sayı 12 idisə, hazırda bu rəqəm 16-ya çatıb. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində tutduğu mühüm mövqenin göstəricisidir. Hazırda bir çox dövlət enerji təchizatının sabitliyi baxımından ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq qarşılıqlı etimada əsaslanır və uzunmüddətli xarakter daşıyır. “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, “Abşeron” yatağı və digər perspektivli sahələrin işlənməsi hesabına qaz hasilatının daha da artırılması nəzərdə tutulur. Bu amillər gələcəkdə ixrac imkanlarının genişlənməsinə və qlobal enerji təhlükəsizliyinə verilən töhfənin daha da artmasına şərait yaradacaqdır.
Otuz il əvvəl xarici sərmayələrin cəlb edilməsinə ehtiyac duyan Azərbaycan bu gün beynəlxalq investor kimi çıxış edir. Bu transformasiyanın ən parlaq nümunələrindən biri SOCAR-ın beynəlxalq fəaliyyətidir. Hazırda şirkət Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada müxtəlif layihələrə sərmayələr yatırır. Bu fəaliyyət həm iqtisadi gəlirlərin artırılmasına, həm də yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına xidmət edir. Şirkətin beynəlxalq layihələrdə iştirakının genişlənməsi ölkənin enerji sektorunda qazandığı təcrübənin və etimadın göstəricisidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq: “Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir”.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Buna baxmayaraq, ölkə bərpaolunan enerji sahəsinə böyük sərmayələr yatırır. Bu yanaşma Azərbaycanın qlobal iqlim gündəliyinə və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir. Hazırda günəş və külək enerjisi sahəsində iri layihələr həyata keçirilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq: “2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”.
Azərbaycan enerji əməkdaşlığını yalnız neft və qaz ixracı ilə məhdudlaşdırmır. Bu gün ölkə beynəlxalq enerji kabeli layihələrinin həyata keçirilməsində də fəal iştirak edir. “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa dövlətləri ilə birləşdirəcək mühüm təşəbbüsdür. Layihənin texniki-iqtisadi əsaslandırılması artıq yekunlaşmaq üzrədir. Bununla yanaşı, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə yeni enerji kabelinin çəkilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda Mərkəzi Asiya dövlətləri ilə birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində iş aparılır. Bu layihələr Avrasiya məkanında yeni enerji əməkdaşlığı sisteminin formalaşmasına xidmət edir və Azərbaycanın regionun əsas enerji və nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirir.
Son otuz ildə həyata keçirilən enerji siyasəti iqtisadi qüdrətin, sosial rifahın, hərbi gücün və beynəlxalq nüfuzun əsas mənbələrindən birinə çevrilib. Bu gün Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm mühüm tranzit mərkəzi, həm də yaşıl enerji keçidinin fəal aktoru kimi çıxış edir. Yeni enerji layihələri, bərpaolunan enerji təşəbbüsləri, beynəlxalq kabel xətləri və genişlənən əməkdaşlıq coğrafiyası qarşıdakı illərdə də Azərbaycanın qlobal enerji sistemində rolunu daha da artıracaq və ölkəmizi Avrasiyanın əsas enerji mərkəzlərindən biri kimi möhkəmləndirəcəkdir.