Anar Məmmədov
Milli Məclisin deputatı
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasına növbəti dəfə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Bu toplantılar ölkəmizin enerji sektorunda qazandığı uğurların təqdimatı olmaqla yanaşı, müxtəlif əməkdaşlıq formatlarının müzakirəsi, perspektivlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Toplantıya qatılan Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin sayının ildən-ilə artması Azərbaycanın etibarlı tərəfdaş kimi yüksək qiymətləndirildiyinin bariz nümunəsidir.
Məlumdur ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına Bakı şəhəri ev sahibliyi edir. Bu da təsadüfi deyil. Çünki dünyanın ən mühüm meqalayihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan, daha dəqiq desək, Prezident İlham Əliyevdir. Meqalayihənin təşəbbüsü irəli sürüləndə bəzi qüvvələr, xüsusilə də ölkəmizə qarşı olan dairələr onun həyata keçirilməsi ehtimalının az olduğunu, hətta, ümumiyyətlə, reallaşmayacağını deyirdilər. Lakin zaman bunun əksini sübut etdi. On dörd il əvvəl təşəbbüs kimi irəli sürülən bu möhtəşəm meqalayihə artıq reallaşıb və öz bəhrəsini verməkdədir. Bu hadisə təkcə ölkəmizdə neft-qaz sənayesinin deyil, ümumilikdə xalqımızın tarixində özünün xüsusi əhəmiyyəti ilə digər layihələrdən fərqləndi. Layihənin uğurla reallaşması Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini gücləndirib, region ölkələri arasında əməkdaşlığı dərinləşdirib və ölkəmizin Avropanın enerji təchizatında etibarlı mənbəyə çevrilməsinə gətirib çıxarıb. Həqiqətən Cənub Qaz Dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də qlobal enerji bazarında balans yaradan və uzunmüddətli perspektivdə strateji önəm daşıyan uğur modelidir.
Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir.
Dövlət başçısı iclasda haqlı olaraq bildirdi ki, enerji müstəqilliyi hər bir ölkənin milli təhlükəsizliyinin vacib komponentidir. Prezidentin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Təbii ki, enerji təhlükəsizliyi olmadan hansısa milli təhlükəsizlikdən danışmaq çətindir. Ölkəmizin dünya miqyasında nüfuzunu, çəkisini artıran amillərdən biri də məhz budur. Azərbaycan hər zaman verilən vədləri yerinə yetirir, möcüzə kimi görünən layihələri reallaşdırır. Bu uğurlarımız Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.
Toplantıda həmçinin yaşıl kabel layihəsi də xüsusi müzakirə mövzularından biri idi. Avropaya uzanacaq bu layihənin texniki əsaslandırma işləri tamamlanmaq üzrədir. Layihə reallaşarsa, Azərbaycanın bərpaolunan enerji resurslarının ixracı üçün yeni bir mərhələsi başlayacaq və yaşıl enerji sektorunda sərmayə layihələri ölkənin enerji siyasətinin çevik və strateji şəkildə formalaşmasına mühüm təsir göstərəcək.