Enerji təhlükəsizliyi və yaşıl keçid çağırışlarının aktuallıq qazandığı bir dövrdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları strateji əhəmiyyətli tədbir kimi dünyanın diqqət mərkəzindədir. Bu toplantılar regional və qlobal enerji gündəminin mühüm məsələlərini ehtiva etməklə həm əməkdaşlıq ruhunun gücləndirilməsinə, həm də uzunmüddətli perspektivdə enerji təminatında sabitliyin möhkəmlənməsinə xidmət edir.
2015-ci ildən etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası enerji təhlükəsizliyi, infrastrukturun inkişafı, həmçinin istehsalçı, tranzit və istehlakçı ölkələr arasında koordinasiyanın təminatında müstəsna rol oynayır.
Son vaxtlar əldə edilən nailiyyətlər Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Bu əməkdaşlıq həm də qarşılıqlı iqtisadi maraqların qorunması kontekstində strateji əhəmiyyət daşıyır. Azərbaycanın dayanıqlı ixrac imkanları və şaxələndirilmiş enerji infrastrukturu Avropa ölkələri üçün alternativ mənbədir.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Bakıda keçirilmiş son görüşdən, yəni 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrilib: “Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır”.
Cənub Qaz Dəhlizinin 3500 kilometrlik inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə fəaliyyət göstərir və layihənin genişləndirilməsi diqqət mərkəzindədir.
“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Abşeron” bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Azərbaycanın yeni neft-qaz yataqları ilə bağlı planları da tədbirin gündəmində yer aldı. AÇG Dərin Qaz Strukturu və “Abşeron” yatağının ikinci fazası ilə hasilat daha da artacaq. Bu, həm ölkənin ixrac potensialını yüksəldəcək, həm də Avropa bazarında enerji ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaq.
18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında Azərbaycanın Avropaya qaz təchizatı 60 faiz artıb. Bu rəqəmlər 2021-ci ildə 8 milyard kubmetr idisə, 2024-cü ildə artıq 13 milyard kubmetrə çatıb. Ümumi ixrac həcmi 25 milyard kubmetrdir və bu artım dinamikası davam edəcək.
Tədbirin yaşıl enerji ilə bağlı hissəsində Azərbaycanın bərpaolunan enerji sahəsində layihələri diqqətə çatdırılıb. Günəş və külək enerjisinə yatırımlar nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə yaşıl enerji istehsalı planlaşdırılıb. Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavat gücündə su elektrik stansiyaları fəaliyyətə başlayıb və bu rəqəmin beş il ərzində 500 meqavata çatdırılması nəzərdə tutulur.
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycanın Avropaya yaşıl enerji ötürəcək dənizaltı kabel layihəsinin texniki əsaslandırmasının son mərhələdə olduğu qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq.
Mühüm məsələlərdən biri də enerji təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir. Sənaye inkişafı, aqrar istehsal, nəqliyyat sektoru və bütövlükdə iqtisadi sabitlik enerji təminatı ilə birbaşa bağlıdır. Bu səbəbdən enerji siyasətində uzunmüddətli strateji yanaşma, tərəfdaşlar arasında etibarlılıq və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq prioritet olaraq qalmalıdır.
Mahir Süleymanlı,
Milli Məclisin deputatı