Enerji təhlükəsizliyi qlobal gündəliyin aktual məsələlərindəndir

Hicran Hüseynova

Milli Məclisin Komitə sədri, professor

Ölkəmiz mötəbər tədbirlərin keçirildiyi məkanlardan biridir. Bu günlərdə Bakıda  strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci  və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasları keçirilib. Bu nazirlərin, məsul şəxslərin, texniki mütəxəssislərin illik görüşü deyil, bu həm də siyasi etimad, iqtisadi tərəfdaşlıq platformasıdır. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin və regionun davamlı inkişafının gələcəyini müəyyən edən ölkə kimi artan rolunun təsdiqidir.

Azərbaycan müstəqil enerji siyasətini həyata keçirməyə başladığı ilk vaxtdan dövlət strategiyasını qlobal tələbatla uyğunlaşdırmaq  üçün unikal təcrübə nümayiş etdirir. Avrasiyanın qovşağında yerləşən Azərbaycan “xammal asılılığı” yolunu yox, intellektual enerji diplomatiyası modelini tətbiq edir. Qlobal enerji meyllərinin  təhlili əsasında Azərbaycan özünü xammal ixracatçısından Avropanın tamhüquqlu strateji tərəfdaşına çevirmişdir.

Vaxtı ilə Cənub Qaz Dəhlizi layihəsinə ciddi yanaşmırdılar, bəzi qüvvələr isə bu layihəni Azərbaycana təsir aləti kimi istifadə etmək istəyirdi. Lakin XXI əsrin ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionu ölkələrinin, Balkan ölkələrinin və bütövlükdə Aİ-nin maraqlarını birləşdirdi. Bütün bunlar isə sabit, praqmatik və proqnozlaşdırıla bilən tərəfdaş kimi Azərbaycan dövlətinə davamlı yüksək inamla bağlıdır. Cənub Qaz Dəhlizi təkcə infrastruktur layihəsi deyil, geosiyasi amildir. Artan qeyri-sabitlik, enerji böhranları və əvvəlki enerji asılılıqlarına yenidən baxılması fonunda Cənub Qaz Dəhlizi Avropanın təkcə qazı deyil, həm də gələcəyə  olan ümidə çevrildi. Azərbaycan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə tədarük həyata keçirməklə sübut etdi ki, siyasi şərtlər və tərəddüd etmədən tərəfdaşlarının enerji tələbatını stabil şəkildə ödəməyə qadirdir. Bu yetkinlik səviyyəsi hətta daha çox resursları olan ölkələrdə də nadir hallarda əldə edilir, lakin Azərbaycan strateji düşüncədə resursların miqdarının əsas meyar olmadığını göstərdi. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev bir daha sübut etdi ki, baxış, məsuliyyət və beynəlxalq öhdəliklərə hörmət vacibdir. Bu gün Avropa ölkələri Azərbaycanı əvvəlki təchizatçılara alternativ, onun regiondakı rolunu sabitlik və etibarlılıq amili kimi qiymətləndirir. Öz növbəsində Prezident İlham Əliyev artıq Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək planlarını açıqlayıb: “Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.

Dünyada baş verən geosiyasi proseslər fonunda   enerji təhlükəsizliyi daha çox milli təhlükəsizliyin və ölkələrin təhlükəsizliyinin tərkib hissəsinə  çevrilib. Prezident İlham Əliyev  bu məsələyə diqqət çəkərək vurğulayıb: “ Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”. Dayanıqlı enerji təchizatına artan tələbat və enerji təhlükəsizliyinin gücləndirilməsi zərurəti fonunda Avropa ölkələri Azərbaycan təbii qazının tədarükünün artırılmasına aydın maraq göstərirlər. Artıq Azərbaycandan qaz alan ölkələr həcmi artırmağa çalışır, Cənub Qaz Dəhlizinə hələ qoşulmayan ölkələr isə bu etibarlı mənbəyə çıxış əldə etmək istəklərini bildirirlər. Artıq Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropa və Balkanlara genişləndirilməsi məsələsi də aktuallaşır. Qaz nəqli infrastrukturunun danılmaz uğurunu və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün konkret addımlara həmişə olduğundan  daha çox ehtiyac var.

Azərbaycan ənənəvi resurslarla məhdudlaşmayaraq, bərpa olunan enerji sektorunu fəal şəkildə inkişaf etdirir. Və bu, enerjinin transformasiyası ehtiyacının və ekoloji məsuliyyətin dərk edilməsi ilə diktə edilən strateji addımdır. Ölkə artıq günəş və külək enerjisinə milyardlarla dollar investisiya cəlb edib, BƏƏ, Səudiyyə Ərəbistanı, Aİ və iri beynəlxalq korporasiyalarla müqavilələr bağlayıb. Xəzər və Qara dənizləri Gürcüstan və Rumıniya vasitəsilə birləşdirən “yaşıl” enerji dəhlizi xüsusi əhəmiyyət kəsb edir ki, bu da “yaşıl” enerjinin Avropaya nəqli üçün unikal imkan yaradır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıqda Azərbaycanın rolu daha da artacaq. Bu sahədə investorlarla imzalanmış müqavilələrə toxunan dövlətimizin başçısı vurğuladı: “Müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq”.

Sinergizm Azərbaycanın enerji siyasətinin əsas prinsipidir. Azərbaycanın enerji strategiyasının ən mühüm  cəhəti onun köhnəni yeniyə qarşı qoymaq deyil, onları birləşdirə bilməsidir. Ölkə neftdən və qazdan imtina etmir, lakin bununla da məhdudlaşmır. Yaşıl enerji alternativ kimi deyil, onu tamamlayan kimi inkişaf edir - davamlılığı, investisiya cəlbediciliyini və iqlim məsuliyyətini təmin edə biləcək sinerji yaradır. Azərbaycan modelinin müdrikliyi belədir: yeni üçün dağıtmaq yox, köhnənin ən yaxşısını saxlayaraq yenisini qurmaqdır. Əlbəttə ki, Azərbaycanın enerji strategiyası ilə qurduğu diplomatik kapitalı da qeyd etməmək mümkün deyil. Məşvərət Şuralarının Bakıda keçirilən iclasları nazirlərin, səfirlərin, enerji şirkətlərinin rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin görüşləri üçün  vacib platformaya çevrilmışdır. Azərbaycanın paytaxtı təkcə tranzit qovşağı deyil, həm də Avropanın gələcək enerji xəritəsinə təsir edəcək qərarların qəbul olunduğu yerdir. Azərbaycan diktə etmir, təklif edir. O, şantaj etmir - inandırır. Məhz hörmətə, praqmatizmə və məsuliyyətə əsaslanan bu model ona qarşı davamlı maraq və etibar yaradır. Enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sinonimləşdiyi bir dünyada Azərbaycan sabitliyin, tərəfdaşlığın və texnoloji transformasiyanın təminatçısıdır və enerjinin təkcə resurs deyil, həm də inkişaf, harmoniya və beynəlxalq liderlik vasitəsinə çevriləcəyi gələcəyə inamla yol açır.