“Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Azərbaycana etməsi, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. Müasir dünyada Türkiyə ilə Azərbaycan qədər qardaşlıq əlaqələrinə malik ikinci bir dövlət tapmaq mümkün deyil. Heç şübhəsiz, bundan sonrakı dönəmdə əməkdaşlıq daha da sürətlə inkişaf edəcək və genişlənəcək. Qarşıda çox böyük vəzifələr, planlar var. Türk Dövlətləri Birliyi Təşkilatının təkmilləşməsi, güclü beynəlxalq təsisata çevrilməsi, Türk dövlətlərinin siyasi, iqtisadi, mədəni, elmi, texnoloji cəhətdən bir-birinə inteqrasiyası kimi məsələlər durur”.
Bu sözləri Publika.az-a açıqlaması zamanı deputat Nəsib Məhəməliyev deyib.
O bildirib ki, sülhün əldə olunmasının əleyhinə çıxış edən qlobal güclərə qarşı vahid mövqe sərgilənməlidir. “Müharibədə qalib gəlmişik. Ancaq diplomatik mübarizə, informasiya müharibəsi davam edir. Ermənistanla sülh müqaviləsi imzalanmayıb.
Prezidentlər İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq münasibətləri dövlətlərimizin inkişafına, beynəlxalq nüfuzunun artmasına səbəb olub, xalqlarımızı daha da yaxınlaşdırıb. Münasibətlərimizin dərinləşməsi, taleyin hökmü və zamanın tələbidir”,- o deyib.