Ötən ilin dekabrın 12-dən başlayaraq Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Şuşa-Xankəndi yolunda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirdiyi aksiya erməni lobbisini təşvişə salıb. Hər zaman olduğu kimi Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan fəaliyyətini gücləndiriblər. Erməni lobbisi dünyanı aldadaraq Şuşa-Xankəndi yolunda azərbaycanlıların dekabrın 12-dən başlayan etiraz aksiyasını “blokada” və “humanitar böhran” olaraq təqdim etməyə çalışır. Bununla bağlı ermənilər müxtəlif ölkələrdə qondarma aksiyalar keçirir, guya Xankəndində insanların həyat şəraitinin dözülməz olduğunu qeyd edirlər. Təəssüf ki, bir sıra ölkələrin rəsmiləri ermənilərin bu yalanlarına inanıblar…
Amma bu gün Xankəndində sosial-iqtisadi vəziyyət heç də ermənilərin dünyaya yaydığı kimi deyil. Hazırda orda insanlar, necə deyələr, hər zamanki kimi kef-damaq içində yayaşırlar. Bunu ermənilərin sosial şəbəkələrdə gündəlik həyat şəraitləri ilə bağlı paylaşımlarından da açıq-aydın görmək mümkündür. Məsələn, Xankəndindəki “Status café” daima müştərilərlə dolu olur. Erməni gənclər də bu kafedən böyük sevinclə paylaşımlar edirlər. "Blokada"yıq deyən emənilər hər gün Xankəndindəki “Sanremo” restoranında da keflərini çəkirlər. Qarabağda yaşayan erməni gülçülər isə sosial şəbəkələr vasitəsilə “Sevgililər günü” ərəfəsində öz güllərini heç məhdudiyyətsiz rahatca satıblar. Belə olan halda ermənilər hansı haqla blokada və humanitar böhrandan danışa bilərlər?!
Ermənilərin bu yalanlarını Ukrayna Ali Radasının deputatı Vladimir Kreidenko “Moldova 1”ə açıqlamasında ifşa edib. Deputat yanvarın ortalarında Qarabağdakı restoranlarda yeməklərin sifarişini təşkil edərkən apardığı eksperimentlərdən danışıb və orada humanitar fəlakətin olmadığını sübut edib.
“Biz indi YouTube vasitəsilə yayılan sosial eksperimenti görə bilərik, burada fəallar Qarabağda uğurla yemək sifariş edirlər. Onlar çoxlu sayda insan üçün müxtəlif növ yeməklər sifariş edirlər və orada məhsul qıtlığı barədə onlara heç bir məlumat verilmir”, - Kreidenko bildirib.
Hazırda Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekofəallar Ermənistanın beynəlxalq cinayətlərinə qarşı etiraz edir. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Bu, Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Aksiyanın Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı məsələsinə də heç bir aidiyyəti yoxdur.
Fuad Hüseynzadə
Sabahinfo.az